Nizami rayonunda imzatoplama kampaniyası davam edir

Nizami rayonunda imzatoplama kampaniyası davam edir

Azərbaycanda 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar respublikanın şəhər və rayonlarında yüksək seçki ab-havası müşahidə edilməkdədir. Bu özünü xüsusilə də, Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş şəxslərin imzatoplama kampaniyasında göstərir. Elə YAP Nizami rayon təşkilatı tərəfindən Nizami və Keşlə bələdiyyələri üzrə irəli sürülmüş 34 namizədin uğurla davam edən imzatoplama kampaniyası da bu baxımdan fərqlənir.

Belə ki, YAP Nizami rayon təşkilatı böyük əksəriyyəti gənclərdən və qadınlardan ibarət irəli sürülmüş namizədlərin müvafiq sənədlərini Dairə Seçki Komissiyalarına təqdim etdikdən sonra hər bir namizəd müvafiq miqdarda imzaları toplamaq üçün imza vərəqələrini təhvil alıblar.

Namizədlərin nümayəndələrinin və partiya fəallarının iştirakı ilə keçirilən imzatoplama kampaniyası çərçivəsində Nizami və Keşlə bələdiyyələrinin hüdudlarında məskunlaşmış sakinlərin imzaları yığılır. Bələdiyyələrə namizədlərdən 19 nəfərdən hər biri 150, 15 nəfərdən hər biri isə 75 imza toplamalıdır.

İmzatoplama prosesi ilə yanaşı, YAP Nizami rayon təşkilatında fəaliyyət göstərən 18 nəfərdən ibarət qərargah və onun fəalları bələdiyyə seçkilərilə əlaqədar digər hərəkətləri də yerinə yetirməkdədirlər. Belə ki, Nizami rayonunda yerləşən 80 məntəqə üzrə müşahidəçilərin və məşvərətçi səshüquqlu şəxslərin sənədləri hazırlanır, seçicilərlə əlaqədar əlavə məlumatlar toplanılır, yoxlanılır, partiyanın aktivlərindən ibarət mobil qrup üzvləri social diaqnostika işlərini həyata keçirməkdədirlər.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, seçkilə əlaqədar bütün işlər YAP Mərkəzi Aparatının tapşırıq və tövsiyələri əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq həyata keçirilir: "Düşünürük ki, bütün işlər vaxtında və yüksək səviyyədə həyata keçiriləcək. Əminəm ki, bütün seçkilərdə olduğu kimi, bu dəfəki seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizdələri uğur qazanacaq".

Bir sözlə, YAP Nizami rayon təşkilatı bələdiyyə seçkilərilə əlaqədar yüksək mütəşəkkillik nümayiş etdirir və rayonda seçkilərin yüksək səviyyədə baş tutması üçün bütün qanunamüvafiq addımları atmaqda davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə