"Azərbaycanın son illər ərzində sürətli inkişafı və tərəqqisi ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevirib. Paytaxtımızda və bölgələrimizdə aparılan tikinti-quruculuq, abadlıq işləri vüsət almaqda davam edir". Bu fikirləri SİA-ya millət vəkili Adil Əliyev təqdim etdiyi "Xalq xidmətçiləri" layihəsinin məqsədini şərh edərkən deyib.
Adil Əliyevin sözlərinə görə, sözügedən layihə üç istiqamətə bölünüb və bu, mərhələli şəkildə həyata keçiriləcək: "Belə ki, dövlətimiz bu kimi işlərdə uğurlu fəaliyyətini davam etdirir. Lakin bizlər də belə bir möhtəşəm layihəmizlə dövlətə dəstək olmaq qərarına gəlmişik. Artıq bu məqsədlə 20 saylı Nərimanov II seçki dairəsində bu layihənin icrasına start vermişik. Birinci mərhələdə məhəllələrdə, həyətlərdə, binaların bloklarında təmizlik işlərinin aparılması nəzərdə tutulur. İkinci mərhələdə isə binalarda yaşayan kimsəsizlər və onlara yardım, eyni zamanda xidmətin növləri müəyyənləşdiriləcək. Üçüncü - sonuncu mərhələdə isə vətəndaşların, xüsusilə gənclərin yol qaydalarına riayət etməsi üçün maarifləndirici işlər reallaşdırılacaq".
"Artıq layihənin birinci mərhələsi istiqamətində işlər aparılmaqdadır"-deyə vurğulayan millət vəkili sözügedən layihədə gənclərin, yeniyetmələrin davamlı işləri də planlaşdırılıb: "20 saylı Nərimanov II seçki dairəsi ərazisində fəaliyyət göstərən 6 məktəb- 200, 34, 36, 298, 47, 207 saylı təhsil ocaqlarının şagirdləri, o cümlədən könüllü yeniyətmələr layihənin icrasında həvəslə iştirak edirlər. Onu da deyim ki, layihə çərçivəsində iştirak edən gənc və yeniyətmələr bizim tərəfimizdən mükafatlandırılacaqlar".
Adil Əliyev "Xalq xidmətçiləri" layihəsi çərçivəsində bölünmüş üç istiqamətə aid hansı hazırlıqlar prosesinin yekunlaşdırıldığını da qeyd etdi: "Belə ki, pilot layihəsi çərçivəsində xüsusi seçilmiş həyət və binaların blokları tullantılardan təmizlənir. Bundan əlavə rənglənməyə ehtiyacı olan oturacaq və bloklar da rənglənəcək. O cümlədən, binların giriş qapılarına həyətin təmiz saxlanılması vacibliyinə işarə edən plakat və şüarlar yapışdırılır. Məhz bu işlərin həyata keçirilməsi üçün lazım olan avadanlıqlar-rənglər, xüsusi əlcəklər, fırçalar və sair müvafiq əşyalar alınıb.
İkinci istiqamətdə isə təmizlik işləri aparılan küçənin binalarında yaşayan kimsəsiz insanlar müəyyənləşdirilməkdədir. Bu işə birinci istiqamətdən fərqli olaraq universitet tələbələri cəlb olunacaq. Biz pisixologiya kafedrasında təhsil alan tələbələrə üstünlük vermişik. Çünki onlar binalardakı kimsəsiz insanlara baş çəkərək, onların hansı növ yardıma ehtiyacı olduqlarını müəyyənləşdirəcəklər. Tələbələr kimsəsizlərin istək və arzularını kitabçalara qeyd edərək daha sonra bu qeydləri layihənin rəhbərinə təqdim edəcəklər. Bundan sonra kimsəsizlərə yardımın növü və çeşidi müəyyənləşdiriləcək".
Millət vəkili sonuncu üçüncü istiqamət barədə də məlumatını verərək qeyd etdi ki, burada sözügedən seçki dairəsində gənc nəsil arasında yol təhlükəsizliyi qaydalarə ilə bağlı maarifləndirici işlər aparılacaq: ""Həyatını qoru" şüarı altında reallaşacaq istiqamət çərçivəsində bir sıra şüarlar uşaq baxçaları və məktəblərin giriş qapısına, yaşayış binlarının qapılarına yapışdırılacaq. Artıq təlim kurslarına mütəxəssislərin cəlb olunması prosesinə də yekun vurulub".
Adil Əliyev son olaraq onu da qeyd etdi ki, "Xalq xidmətçiləri" sosial layihəsinin səhifəsi "facebook" sosial şəbəkəsində yaradılacaq və həmin layihədə iştirak edən gənclərin, fikirləri, təkilfləri nəzərə alınacaq.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB