Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3- də Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, yüksək səviyyədə keçirilən görüşlərin, o cümlədən Fransaya son səfəri zamanı Prezident Fransua Ollandla keçirdiyi görüşün əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmini qeyd edib.
Dövlətimizin başçısı Fransada təsis olunmuş Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Rəhbərlik etdiyi qurumda Fransa cəmiyyətinin müxtəlif təbəqələrinin nüfuzlu nümayəndələrinin birləşdiyini diqqətə çatdıran Jan-Fransua Mansel Azərbaycan ilə Fransanın bir-birini daha yaxından tanıması üçün səylərini əsirgəməyəcəklərini deyib. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi və iqtisadi əlaqələrin bu işə öz müsbət təsirini göstərəcəyinə ümidvar olduğunu qeyd edən Jan-Fransua Mansel onlara göstərilən diqqət və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB