Sadəttin Topukçu: “Azərbaycanlı sahibkarlara Kipri tövsiyə edirəm” MÜSAHİBƏ
Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Sadəttin Topukçu SİA-ya müsahibə verib. O, müsahibəsində Azərbaycanla Kipr arasında əlaqələrdən, azərbaycanlı sahibkarların Kipr turizminə sərmayəsindən və hər iki ölkənin müstəqillik illərində yaşadığı problemlərindən danışıb. Müsahibəni oxucularımıza təqdim edirik:
- Hörmətli səfir günümüzdə Azərbaycanla Kipr arasındakı qarşılıqlı əlaqələri necə dəyərləndirisiniz?
- Şimali Kipr Türk Cümhuriyyəti olaraq 1997-ci ildən etibarən Azərbaycandayıq, təmsilçiliyimizi bu istiqamətdə açdıq. Burada məqsəd Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan xalqı arasındakı əlaqələrin daha da inkişafına nail olmaq idi. 1997-ci ildən bu günə qədər də bu məqsədə nail olduğumuzu görürəm. O illərdən bu günə kimi doğrudan bir sıra mərhələlər keçdik. Əlaqələrimiz kifayət qədər yaxşı nöqtələrə gəlib çıxdı. Bilavasitə universitetlərimizə gedən Azərbaycanlı tələbələr sayəsində çox gözəl bir insani körpü meydana gəldi. Bu insani körpü sayəsində Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasındakı gediş – gəlişlər artdı. Hazırda universitetlərimizdə oxuyan azərbaycanlı tələbələrin sayı 1000- ə qədərdir. Bu, əslində çox böyük rəqəmdir. Düşünmək lazımdır ki, onlar orada qaldıqca, ailələri də Kiprlə maraqlanaraq, ora gedirlər. Dolayısı ilə bu insani körpü bu şəkildə işləyir. Təbii ki, bu gediş – gəlişlər sadəcə turistik məqsədi ilə qalmır. İnsandan insana təmas da olduğu üçün hər iki xalqın mədəni bənzərlikləri, yaşayış tərzləri müqayisə edilərək biri birinə inteqrasiya edir. Bu da təbii ki, iki xalqın arasındakı yaxın əlaqələri daha da yaxınlaşdırır. Yəni biz dolayısı ilə bu iki sahədən çox böyük yarar ümid edirik. Gələcəkdə də iki xalq arasındakı əlaqələr inkişaf edəcəksə, təhsil sahəsinin və ya turizmin burada çox böyük önəmi olduğunu görürük.
- Azərbaycanlı iş adamlarına Kiprin turizmi haqqında nə deyə bilərsiniz, hansı təklifləri irəli sürürsünüz?
- Şimali Kipr Türk Cümhuriyyəti turizm ölkəsidir. Doğrudan da bizim təbiətimiz, mədəniyyətimiz xariciləri çox cəzb edir. Dolayısı ilə biz Şimali Kipr Türk Cühuriyyətini qurarkən daha önəmli sektor olaraq, turizmi ortaya qoymuşduq. Daha sonra isə, təhsil sahəsini sıraya qoymuşuq. Əgər turizmdən danışmaq lazım gəlsə, illər içərisində turizmimiz çox gözəl nöqtələrə qədər addımladı. Hazırda turizm üçün yataq limitimiz 30 minə qədərdir. Otel sayımız 10 il əvvələ görə 100 % artıb. Dolayısı ilə bizim sifariş edə biləcəyimiz istiqamətlər çox artmış vəziyyətdədir. Biz turizm deyərkən, bunu doğrudan başlıca sahə olaraq görürük. Hazırda Şimali Kipr Türk Cümhuriyyətini ziyarət edən turist sayı 1 milyonu keçib. Ölkədəki əhali sayının da 300 min olduğunu düşünsək, bu ən azı 3 qatından da artıq rəqəmə uyğun gəlir. Bu doğrudan da böyük rəqəmdir. Biz bu rəqəmin daha da artacağını düşünürük. Çünki potensialımız var. Əgər sizin də Kiprə getmək fürsətiniz olsa, onda görərsiniz ki, Şimali Kipr Türk Cümhuriyyətinin təbiəti hələ də əlçatmazdır. Təbii ki, turistlərin çoxunun əsas məqsədi də gedib belə gözəl yerləri kəşf etməkdir. Beton binaların içərisində sıxılıb qalmaq artıq turistlər üçün cəzbedici deyil. Dolayısı ilə biz turizmimizi çeşidləməyə çalışırıq. Təbiət turizmi, mədəniyyət turizmi, hətta din turizmi ilə bağlı da fərqli yerlərimiz var. Turizm məsələsində kifayət qədər yol qət etdik. İfadə etdiyim kimi turistlərin sayı 1 milyona çatdı. Bizim hədəfimiz qısa zamanda bunu 1 milyon 500 min turistə çatdırmaqdır. Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasındakı turizm əlaqələri kifayət qədər məmnuniyyət verir. İstanbul vasitəsilə qurulan əlaqələrlə Şimali Kipr Türk Cümhuriyyətinə çatmaq hazırda çox asandır. Buradan bir gündə Kiprə getmək istəyən bir azərbaycanlı qardaşımız gündə 8 dəfə İstanbula edilən səfərlə yola çıxdıqdan sonra, İstanbuldan da Kiprə uçan günlük 7-8 səfərlə çata bilərlər. Kiprə çatmaq artıq daha asandır. Yetər ki, getmək istəyənlər bu imkanlardan yararlana bilsinlər.
- Viza məsələsində vəziyyət necədir? Təmsil etdiyiniz ölkə azərbaycanlılara qarşı viza tətbiq edirmi?
- Biz Azərbaycana viza tətbiq etmirik. Azərbaycanlı qardaşlarımız rahat bir şəkildə, viza problemini düşünmədən Kiprə gələ bilərlər. Bu məsələdə heç bir problem yoxdur.
- Başqa təklif edəcəyiniz sahələr varmı, yoxsa təkcə turizm sahəsində işbirliyi tövsiyə edirsiniz?
- Mən getdiyim hər yerdə, iştirak etdiyim tədbirlərdə sərmayələrdən bəhs edirəm. Sərmayə qoymaq istəyən azərbaycanlı sahibkar varsa, Kiprdə bunun üçün şərait mövcuddur. Xüsusən turizm sahəsində inkişaf etmək istəyən varsa, bu sərmayələr çox uyğundur. Çünki önümüzdəki illər içərisində turizmimizin daha da inkişaf edəcəyi mütləqdir. Hər il müəyyən bir səviyyədə inkişafı qeydə alırıq. Dolayısı ilə bu inkişafı gördükcə, biz Azərbaycandan da sahibkarların Kiprə gedərək orada sərmayə qoymalarını istəyirik. Kipr onlar üçün fərqli bir bölgə ola bilər. Lakin mədəniyyətimiz, dilimiz, dinimiz eynidir. Ora getdikdən sonra yerli şərik də tapa bilərlər. Şərikləri ilə birlikdə bu sərmayələri qoya bilərlər. Mən yenə sizin vasitənizlə də fürsət taparaq azərbaycanlı sahibkarlara, sərmayə qoymaq üçün yerlər axtaranlara Kipri tövsiyə edirəm. Gəlsinlər, oradakı imkanlardan yararlansınlar. Mən onlara peşman olmayacaqlarına söz verirəm. Turizm bizim başlıca sahəmizdir. Bu sahədə bizim təşviqlərimiz də var. Sərmayə qoyanlar üçün 7 illə 10 il arasında dəyişən vergidən azad etmələr də var. Dolayısı ilə biz o sahəni önə çıxarmağa çalışırıq. Amma biz demirik ki, başqa sahələrə sərmayə qoyulmasın. Məsələn, təhsil sahəsində çox gözəl inkişafı görürük. Hazırda hələ də bəzi universitetlərimizdə tələbələrin qalacağı tələbə yataqxanalarının çatışmazlığı var. Gəlib belə binalar tikərək tələbələrə təklif etmək də ola bilər. Məsələn belə sahələrdə də imkanlar var. Sərmayə qoymaq istəyən işadamlarına əvvəlcədən Kiprə gedib oradakı imkanları görməyini tövsiyə edirəm. Mənim hazırda görə bilmədiyim, lakin onların sahibkar gözü ilə görə biləcəyi başqa imkanlar da ortaya çıxa bilər. Çünki, ora gedib, orada bir müddət qalaraq vəziyyəti kəşf etmək məncə ən yaxşısıdır.
- Noyabrın 15-də Kiprin müstəqillik günü qeyd olunacaq. Ada ölkəsi müstəqilliyi necə qazandı, mümkündürsə bunun tarixindən bəhs edərdiniz? Kiprdə ötən 31 il ərzində nələr yaşandı, nələr dəyişdi?
- Dediyiniz kimi, 15 noyabr tarixində Şimali Kipr Türk Cümhuriyyətinin 31 –ci ildönümünü qeyd edəcəyik. Buraya necə gəldik, dövlətimizi elan etmə nöqtəsinə bizi hansı şərtlər gətirdi?... Bildiyiniz kimi, Kipr Osmanlı dövlətinin idarəçiliyi altında idi. Osmanlı dövləti daha sonra Kipr adasını ingilislərə kirayə verib. Biz bundan sonra bəzi əziyyətli anların şahidi olduq. 1974-cü ilə qədər sizin yaşadığınız Xocalı soyqırımı kimi qətliam yaşadıq. Yunanlar bəzi kəndlərimizə basqınlar edərək, uşaq, yaşlı, qadına baxmayaraq, hər kəsi qırdı. Onları toplum halında quyulara basdırdılar. 1974-cü ilə qədər biz özümüzü müdafiə etmək məcburiyyətində qaldıq. Türkiyə dövləti 1960-cı illərin andlaşmasında özünə verilən hüququndan istifadə edərək, Kiprə hərbi müdaxilə etdi. Yunanlar ciddi görüşlərdən uzaqda qaldılar. Biz bu vəziyyəti görərək, özümüzün də bir dövlətimiz olmasına inandığımız üçün 15 noyabr 1983-cü il tarixində Şimali Kipr Türk Cümhuriyyətini elan etdik.
- Bir az əvvəl Xocalı soyqırımından bəhs etdiniz. Biz də Kipr xalqı kimi müstəqilliyimizi əldə etdiyimiz illərin elə ilk günlərində qətliamlara, işğala məruz qaldıq. Ermənilər tərəfindən torpaqlarımız işğal edildi. Xocalıda isə tarixin ən böyük soyqırımına məruz qaldıq. Siz o zaman bu hadisələri izləyirdinizmi, həmin olayları necə dəyərləndirirsiniz?
- Qarabağda qanayan yaranın ən qısa zamanda cavabının veriləcəyini düşünürəm. Təbii ki, cavab dediyimdə onu düşünürəm ki, o torpaqlar Azərbaycanındır. O torpaqların qeydsiz, şərtsiz Azərbaycana qaytartılması lazımdır. Təbii ki, bunun üçün çox çalışmaq lazımdır. Əvvəl bizim də Kiprdə Xocalı qətliamına bənzəyən qətliamı yaşadığımızı ifadə etmişdim. Bizim o vaxtlar əlaqələrimiz indiki kimi deyildi. Bundan başqa, biz bir adada yaşadığımız üçün yunanlar bizi hər tərəfdən mühasirə altına aldığından dünya ilə əlaqələrimiz qopmuş idi. Biz dünyaya Kiprdə Xocalı soyqırımına bənzər qətliamın yaşandığını o vaxtlar təəssüf ki, eşitdirə bilmədik. Yunanlar hər şeyi ələ keçirdiyi üçün, bütün media imkanlarını da əllərində saxlayırdılar. Buna görə də, istədikləri təbliğatı edərək dünyanı aldada bildilər. İndi təbii ki, imkanlar çox dəyişdi. Səsimizi dünyaya daha asan eşitdirə bilirik. Arzu edirəm ki, Xocalı soyqırımına bənzər qətliamlar nə Kiprdə, nə də Azərbaycanda bir daha olmaz. Lakin biraz öncə dediyim kimi, Qarabağ torpaqları da ən qısa zamanda Azərbaycana, aid olduğu yerə qovuşacaq. Bunun ən qısa zamanda olmağını ümid edirəm.
- Biz Kipr haqqında fikirlərimizi söyləyərkən ada ölkəsi, turizm və tələbə ölkəsi olaraq qeyd edirik. Bəs siz Azərbaycan, xüsusən də Bakı haqqında hansı fikirləri deyə bilərsiniz?
- Azərbaycana 2 il əvvəl gəldim. Bura gəlməyi xüsusilə özüm istəyirdim. Azərbaycanın adını əvvəllər eşidirdim. Buradakı insanların həyat tərzi, Azərbaycan xalqı məni maraqlandırırdı. Daha sonra isə, burada səfirlik açıldı. Zaman elə gətirdi ki, səfir geri gedirdi və bu yer boşalırdı. Bura gəlməyi də xüsusən özüm istədim. Gəldikdən sonra da öyrənirəm ki, Azərbaycan xüsusilə son 8-10 il içərisində böyük inkişaf gedib. Gerçəyi deyim ki, mən bu qədər inkişafı təxmin etmirdim. Təbii ki, Bakı çox gözəl bir şəhərdir. Dünya metropolu olmaq istiqamətində önəmli yol addımlayır. Gördüyüm qədəri ilə, bunun gerçəkləşməsi üçün də Azərbaycanın dövlət strukturları önəmli işlər görürlər. Bundan iki il əvvəl Avroviziya mahnı yarışması Azərbaycanda oldu. Bu zaman Azərbaycan adını dünyaya kifayət qədər tanıtdı. Gələn il birinci Avropa Oyunları da Azərbaycanda olacaq. Bu da istər Bakının, istərsə də Azərbaycanın adının tanıdılması üçün bir fürsətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB