Səxavət Əlisoy: “Şərtlər qəbul olunmalıdır” TƏLƏB

“Gələcəkdə proseslərin inkişafı bu şərtlərə olan münasibətdən asılı olacaq”
Səxavət Əlisoy: “Şərtlər qəbul olunmalıdır” TƏLƏB

"Son zamanlar Müsavatda baş verənlərlə bağlı mövqeyimi ortaya qoymuşam. Ancaq Arif Hacılının buna cavab verib-verməyəcəyi bəlli deyil". Sözügedən fikirləri SİA-ya Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiyanın qurultayından sonra iddia edilən saxtakarlıqlara münasibət bildirərkən deyib.

S.Əlisoy mətbuatda səslənən fikirlərə qarşı tərəfin cavab verməli olduğunu deyib: "Burada elementar gediş var. Əgər müraciət etmişəmsə, buna cavab verilməlidir. Buna cavab verib-verməyəcəkləri isə onların öz problemləridir".

Müsavat yetkilisi eyni zamanda bildirib ki, ötən həftə digər başqanlığa namizəd Qubad İbadoğlunun müəyyən fikirləri ilə razılaşsa da, bəzi fikirlərini bölüşmür: "Qubad İbadoğlunun seçiciləri ilə keçirdiyi toplantıda səslənən fikirlərin bir qismi ilə razıyam. Bir qismi ilə isə yox. Bu nə dərəcədə effekt verəcək, deyə bilmərəm. Toplantıdan sonra Qubad İbadoğlu ilə görüşməmişəm. Ancaq, düşünürəm ki, burada çox ciddi məsələlər var. Demokratiyadan danışırıqsa, bəzi məsələlər həllini tapmalıdır. Burada saymazlıq, mövqe bildirməmək, məsələlərin həllindən yaxasını kənara çəkmək doğru deyil. Ortada narazılıq var. Azərbaycan mediası bunu yaxşı bilir. Bu narazılığı aradan qaldırmaq üçün mütləq addım atılmalıdır. Bu məsələlər önəmlidir və ciddi yanaşmaq lazımdır. Qeyri-ciddi müstəviyə çıxarmaq düzgün deyil".

Başqanlığa keçmiş namizəd etirazçıların şərtlərinin Arif Hacılı tərəfindən qəbul olunmasının vacib olduğunu da qeyd edib: "Qubad İbadoğlu tərəfdarları ilə keçirdiyi toplantıda bir sıra şərtlər irəli sürüb. Ona görə də ilk olaraq həmin şərtlərə münasibət bildirilməlidir. Bu şərtlərin qəbul-olunub-olunmayacağı başqa mövzudur. Yəni gələcəkdə proseslərin inkişafı bu şərtlərə olan münasibətdən asılı olacaq. İndiyə qədər Arif Hacılı bu şərtlərə cavab verməyib. Buna cavab veriləndən sonra qərar veriləcək".

Xatırladaq ki, Səxavət Əlisoy Müsavat Partiyasının qurultayında öz namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürmüşdü. Onların əsas tələbləri isə növbədənkənar qurultayın keçirilməsi və Məclis tərkibinin dəyişdirilməsi ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə