Elçin Behbudov Leyla Yunusla görüşməməsinin səbəbini AÇIQLADI

“Kiminlə istəsəm görüşərəm, kiminlə istəsəm görüşmərəm”

"Yadınızdadırsa, bir müddət öncə müxalifət medialarında yazırdılar ki, Arif Yunus infarkt xəstəsidir, ciddi infarkt keçirib, şəkəri çox yüksəkdir, hətta ölüm təhlükəsi altındadır və s.". Bu fikirləri SİA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Leyla və Arif Yunusların işgəncələrə məruz qalmaları iddiasına münasibətini bildirərkən deyib.

"Bildiyiniz kimi, yaxın günlərdə mən müavinim Elçin Şirinovla birgə MTN-nin təcridxanasında monitorinq keçirdik"-deyən hüquq müdafiəçisi Arif Yunusla görüş keçirmədiyini deyib: "Düzdür, monitorinq zamanı Arif Yunusla görüşmədim. Yəni bunu özüm istəmədim və bu mənim şəxsi işimdir ki, kiminlə istəsəm görüşərəm, kiminlə istəsəm görüşmərəm. Lakin təcridxananın həkimi ilə görüşdüm və sözügedən iddialarla bağlı məlumat aldıqdan sonra, həkimin mənə təqdim etdiyi tibb kitabçasını araşdırdıqdan sonra mətbuata açıqlama verdim ki, Arif Yunusun kardioqramması çıxarılıb, onun infarkt keçirmək qorxusu yoxdur. Mən ixtisasca həkim deyiləm, hüquqşünasam, ancaq tibb kitabçasında Arif Yunusun həyati təhlükəsi ilə bağlı heç nə yazılmamışdı. Eyni zamanda məlum oldu ki, onun şəkəri də normaldır. Onun şəkəri 97 idi. Norma isə 120-dir. Hansı ki, yenə deyirəm, mənim şəkərim 250-dir, ancaq səsimi belə çıxarmıram. Bilirsiniz, belə yalan-yalan məlumatları yayanların məqsədləri nədir, bilmirəm".

Leyla Yunusla görüşməməsinin də səbəblərini açıqlayan Elçin Behbudov qeyd edib ki, hələ ki, onunla görüş keçirməyib: "Leyla Yunusa gəldikdə isə, mən onunla görüşməmişəm. Çünki o Bakı İstintaq Təcridxanasında saxlanılır. Biz bölüşmüşük ki, kim hansı təxcridxanaya gedəcək. Məsələn mən MTN, DİN və MN-nin istintaq təcridxanalarına baş çəkirəm. Ancaq Ədliyyə nazirliyinin istintaq təcridxanasında həmin nazirliyin ictimai nəzarət şurası öz monitorinqlərini aparır. Digər tərəfdən, mən inanmıram ki, Leyla Yunusa qarşı hər hansı bir təzyiq göstərilsin. İlk növbədə o qadındır, baxmayaraq ki, o vəyənə xəyanətdə ittiham olunur. Ermənidir, nədirsə bunu qoy siyasətçilər müəyyənləşdirsinlər. Ancaq inanmıram ki, ona qarşı döyülmə, işgəncə faktı törədilsin və s.

Qaldı ki, penitensiar xidmətə müraciətimə, əgər Leyla Yunus bunun üçün mənə müraciət etsə, mən də Ədliyyə nazirliyinə monitorinq üçün müraciət edə bilərəm. Hətta cənab nazir Fikrət Məmmədova da müraciət edə bilərəm ki, mənim monitorinq keçirməyimə icazə verilsin. Mən həm də cənab naziri bir alicənab insan kimi tanıyıram. İnanıram ki, əgər müraciət etsəm, dərhal müsbət cavab alacam".

Müxalifətyönlü mətbuatın onun özü ilə də bağlı yalan məlumatlar yaydığını iddia edən Elçin Behbudov Leyla Yunus və digərləri barədə də yalan məlumatlar yaydığını deyib: "Vallah mən bu müxalifəyönlü mətbuatı anlamıram. O günləri də götürüb yalandan yazıblar ki, hüquq müdafiəçisi Elçin Behbudov evinin qarşısından götürülərək, naməlum istiqamətə doğru aparılıb. Yəni bunu yazan adam bu gün Leyla Yunus barədə də yazırsa, demək onun iddiaları yalan üzərinə qurula bilər. Hətta Leyla Yunusun ailəsinə yaxın olan şəxslər belə müraciət etsələr, mən həmin iddia ilə bağlı monitorinqimi keçirərəm, nəyin-nə olduğunu ictimaiyyətə çatdıraram. Amma mənə onun və yaxınları tərəfindən heç bir müraciət olunmayıb".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...