Sədrin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Konfransında

"Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün sentyabrın 10-dan 13-dək Norveçin paytaxtı Oslo şəhərində səfərdə olacaqlar". SİA-nın xəbərinə görə, bunu parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə millət vəkillərindən Çingiz Əsədullayev, Sahibə Qafarova, Xanlar Fətiyev, parlament Aparatının rəhbəri Səfa Mirəyev və digər rəsmi şəxslər daxildirlər: "Konfransda "Konstitusional hüquq və azadlıqlar demokratiyanın şərti kimi", "Avropada demokratiya, suverənlik və təhlükəsizlik", "Çoxluq və müxalifət- tarazlığın əldə olunması" mövzularında müzakirələr keçiriləcək. Nümayəndə heyətinin üzvləri müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər".

O həmçinin qeyd edib ki, burada MM-in sədri Oqtay Əsədovun konfransda iştirak edən nümayəndə heyəti rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub: "Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq".

A. Təvəkküloğlu onu da əlavə edib ki, səfər çərçivəsində Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev milli nümayəndə heyətləri Baş katiblərinin görüşündə iştirak edəcək, tədbirdə qaldırılan məsələlərə öz münasibətini bildirəcəklər: "Parlmentin Regional Məsələlər komitəsinin sədri Arif Rəhimzadə konfransda MDB Parlament Assambleyasının xətti ilə iştirak edəcək. Səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin Norveç Konstitusiyasının 200 illiyinə həsr olunan tədbirə qatılmaları da gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...