Hikmət Babaoğlu: “Media milli maraqlara xidmət etməlidir”

Hikmət Babaoğlu: “Media milli maraqlara xidmət etməlidir”

"Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə Azərbaycanın informasiya təhlükəsizliyinə dair bir sıra aktual məsələlərin müzakirəsinə həsr olunan müşavirədə olduqca vacib çağırışlar səsləndi. Azərbaycanın informasiya məkanının təhlükəsizliyinin təmin olunması ilə bağlı Ramiz Mehdiyev tövsiyyə və məsləhətlərini verdi". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan"qəzetinin baş redaktoru Hikmət Babaoğlu ötən gün keçirilən müşavirənin əhəmiyyətindən danışarkən deyib.

Baş redaktor bildirib ki, hər bir ölkənin milli mətbuat məkanının təhlükəsizliyinin təmin olunması milli maraqlar baxımından prioritet istiqamətlərdən biridir: "Xüsusilə də müharibə şəraitində olan Azərbaycanın informasiya məkanın idarə olunması və milli maraqların təmin olunması üçün yönləndirilməsi aktual məsələdir. Bir müddət əvvəl ön cəbhədə atəşkəsin pozulmasına paralel olaraq Azərbaycanın informasiya məkanında sanki lokal bir müharibə başlandı. Bu informasiya müharibəsi bir çox hallarda ölkə mediasında milli maraqlarımıza uyğun olmayan şəkildə özünü büruzə verdi. Belə ki, ayrı-ayrı media orqanlarında, xüsusilə də sosial mediada hərbi sirr sayılacaq məlumatların yayımlanması, ordumuzun müəyyən hissəsinin dislokasiyası, ordu rəhbərliyində təmsil olunan yüksək rütbəli zabitlərin yeri ilə bağlı müxtəlif məlumatların mətbuata sızdırılması düşmən tərəfindən kəşfiyyat məlumatı kimi qəbul olunurdu. Ona görə də müşavirədə bir daha xatırladıldı ki, bu cür hallar yolverilməzdir. Çünki, belə informasiyaları yaymaqla düşmən tərəfə düzgün hərbi kəşfiyyat məlumatları ötürmüş oluruq".

"Müşavirədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev diqqəti çox vacib bir məsələyə yönəldərək vurğulayıb ki, Azərbaycanda mövcud olan müxtəlif vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, insan hüquqları təşkilatları və transmilli medianın Azərbaycan xidmətləri də bəzi hallarda ictimai rəyə dezinformasiya ötürməklə məhz ictimai rəylə manipulyasiya edir. Eyni zamanda bu fikirlər Azərbaycanın sosial mediasına da şamil olundu. Çünki bəzi hallarda Azərbaycanın sosial mediası, ayrı-ayrı informasiya portalları, saytlar, həqiqi olmayan manipulyativ informasiyanı yaydılar. Bu informasiyalar zərərli idi. Azərbaycanda hərbi-psixoloji vəziyyətin pisləşməsinə, bəzi hallarda ictimai rəyin eyforiya vəziyyətinə çatdırılmasına xidmət edirdi. Müşavirədə bir daha qeyd edildi ki, belə hallar yolverilməzdir. Gələcək də belə hallar təkrar olunsa, Azərbaycanda hərbi sirlərin yayılmasına görə müvafiq cəza tədbirləri görüləcək. Ona görə də hər bir halda media milli maraqlara xidmət etməlidir – deyə, H. Babaoğlu vurğulayıb.

Onun sözlərinə görə, müharibə şəraitində olan Azərbaycanda müstəqil mətbuata mütləq şəkildə nəzarət olunmalıdır: "Əks təqdirdə Azərbayacanın informasiya məkanın təhlükəsizliyini qoruya bilmərik. Hesab edirəm ki, bu faydalı fikirlər gələcəkdə Azərbaycan mediasının fəaliyyət istiqamətinin paradiqmalarını təşkil edəcək. Ramiz Mehdiyevin müşavirədə səsləndirdiyi fikirlər Azərbaycan mediasının bundan sonrakı fəaliyyətində istiqamətverici tezis kimi çıxış edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə