Elçin Mirzəbəyli: "Dünənki müşavirə mətbuat tarixinin yeni mərhələsidir"

Elçin Mirzəbəyli: "Dünənki müşavirə mətbuat tarixinin yeni mərhələsidir"

"Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi kifayət qədər əhəmiyyətli idi. Çünki mətbuat tarixində ilk dəfə idi ki, belə formatda müşavirə keçirilirdi. Bu da ölkə başçısı və Prezident Administrasiyasının mətbuatımıza olan münasibətinin müsbət göstəricisi idi". Bu fikirləri SİA-ya açıqlamasında müşavirədə iştirak edən "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli görüşün əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, müşavirəyə faktiki olaraq ölkənin bütün spektrini əhatə edən media qurumlarının rəhbərləri dəvət edilmişdi: "Dövlət əhəmiyyətli məsələlərlə bağlı müşavirənin keçirilməsi mətbuat tarixində yeni mərhələdir. Bu da Prezident Administrasiyasının bütün məsələlərlə bağlı media kapitanları ilə ətraflı şəkildə müzakirə aparması məqsədi daşıyırdı. Bu, həm də mediaya olan etimadın bariz göstəricisi oldu".

"Bir müddət əvvəl cəbhə bölgəsində yaranan gərginlik vaxtı ciddi nöqsanlar baş verdi. Lakin iddialı media qurumları həmin vaxtlar bir sıra səhvlərə yol verdilər. Bu kimi ciddi nöqsanlar dünənki görüşdə geniş müzakirə mövzusu oldu. Halbuki ölkə mətbuatının peşəkarlıq səviyyəsi bütün çağırışlara cavab vermək əzmində olmalı idi. Müşavirədə media nümayəndələrinə hüquqi vəzifə borcları bir daha xatırladıldı və birgə fəaliyyət göstərəcəyimiz istiqamət vurğulandı. Eyni zamanda Azərbaycan cəmiyyətinin informasiya təhlükəsizliyi ilə bağlı vacib məsələlər qeyd olundu. Ramiz Mehdiyevlə yanaşı, digər rəsmi şəxslərin çıxışı bir daha göstərdi ki, dövlət mətbuatda yer alan xəbərləri ən kiçik detallarına kimi təhlil edir və nəticələr çıxarır. Bu da təbii ki, önəmli faktorlardan biridir. Düşünürəm ki, bu günə qədər fəaliyyətlərində səhvlərə yol verən mətbuat işçiləri bu tövsiyyələrdən nəticə çıxaracaq, bundan sonrakı fəailiyyətlərini də milli maraqlara uyğun şəkildə quraraq işlərini daha da təkmilləşdirəcəklər"- deyə, baş redaktor məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə