Komitə sədri: “BQXK-nın Bakı ofisi Azərbaycandakı fəaliyyətlərini çox ciddi şəkildə şübhə altına alıblar”

Əli Həsənov: “Azərbaycan hökuməti onlara qarşı sərt addımlar atacaqsa, bu onların öz günahlarıdır”
Komitə sədri: “BQXK-nın Bakı ofisi Azərbaycandakı fəaliyyətlərini çox ciddi şəkildə şübhə altına alıblar”

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi verdiyi bəyanatla Azərbaycanda öz fəaliyyətlərini çox ciddi şəkildə şübhə altına alıblar". SİA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Baş nazirin müavini bildirib ki, Azərbaycan hökuməti olaraq, ölkə prezidentinin siyasətini həyata keçirərək son 20 ildə bütün beynəlxalq təşkilatlara hörmətlə yanaşılıb: "Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə onların ölkəmizdə fəaliyyət göstərməsi üçün çox şəffaf şərait yaratmışıq. Dünyanın heç bir ölkəsində belə bir şərait yoxdur. Ancaq bunun müqabilində Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi bu günlərdə bəyanat yayaraq bildirib ki, "əsirlərin geri qaytarılması dövlətlərin işidir. Bizim işimiz deyil. Dövlətlər bunu həll etməlidir. Bu bizim nizamnaməmizə daxil olmur. Dövlət bunu həll edəndən sonra əsir və ya meyidi biz ordan bura gətirməliyik". Onlar öz funksiyalarını bunda görməklə bəyanat verirlərsə, buna çox təəssüf edirəm. Bir daha bildirirəm ki, Beynəlxalq Qırmızı Xaş Komitəsinin Bakı ofisi o bəyanatı ilə Azərbaycanda öz fəaliyyətlərini çox ciddi şəkildə şübhə altına aldılar".

Ə. Həsənov vurğulayıb ki, bundan sonra Azərbaycan hökuməti onlara qarşı sərt addımlar atacaqsa, bu onların öz günahlarıdır: "Bunu onların mərkəzi və Bakıdakı ofisləri də yaxşı eşitsinlər. Ermənistandakı Beynəlxalq Qırmızı Xaç Komitəsinin həm İrəvandakı, həm də Xankəndindəki ofisləri ermənilərə işləyir. Onlar da ermənilərin təsiri altındadır".

Baş nazirin müavini əlavə edib ki, Azərbaycan hökuməti belə başa düşür ki, ABŞ-ın özü də oradakı erməni diasporunun təsiri altındadır: "Biz bunu əvvəlcədən bilirdik, deyirdik. Fransada da bu təsir güclüdür. Ancaq ABŞ kimi böyük bir dövlətin kiçik bir erməni diasporunun bu dərəcədə təsiri altında olduğunu bilmirdik. Bütün bunlara baxmayaraq, biz əminik ki, Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev işğal altında olan torpaqlarımızın azad olmasına nail olacaq və qaçqın və məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə