Mais Səfərli: “Müxalifət partiyaları yenidən qurulmalıdır” RƏY

Mais Səfərli: “Müxalifət partiyaları yenidən qurulmalıdır” RƏY

"Müxalifətin dağılma prosesi ilə üzləşməsinin başlıca səbəbi liderlərin bir-birini qəbul etməməsi və böyük iddialarda olmalarıdır". Bu fikirləri SİA-ya açıqlamasında "Yurddaş" partiyasının sədri Mais Səfərli düşərgə daxilində gedən son proseslərə münasibətini bildirərkən deyib.

Partiya sədrinin fikrincə, artıq uzun illərdir ki, müxalifət düşərgəsini təmsil edən partiyaların rəhbərləri Azərbaycanın siyasi səhnəsində mövcuddurlar. Ancaq bu illər ərzində müxalifət təmsilçiləri ortaya normal şəkildə bir fəaliyyət proqramı qoymayıblar: "Bu da onlar tərəfindən aparılan yalnış siyasətin nəticəsidir. Yəni 20 ildən artıq müxalifətdə olan bu partiyalar siyasi arxivə doğru istiqamət götürüb. Bir sözlə, müxalifət düşərgəsində olan partiyaların fəaliyyətsizliyi, ictimaiyət tərəfindən dətəklənməməsi, bütün seçkiləri uduza-uduza gəlməsi və eyni sədrlərin öz kreslolarında oturub qalmaları bu partiyalarda başlamış çürümə prosesini sürətləndirir. Müxalifət öz daxilində baş verənləri nə qədər ort-basdır etsə də bu amil özünü yenə də büruzə verir. Düşünürəm ki, müxalifət partiyalarında yenidən partiya quruculuğu həyata keçirilməlidir. Yəni həmin partiyalarda demokratiya ab-havası yaradılmalıdır".

M.Səfərlinin sözlərinə görə, böyük iddialar partiyaların bir araya gəlməsinə imkan vermir: "Ona görə də, müxalifət partiyalarına rəhbərlik edən sədrlərin şəxsi fikirləri partiya qərarlarından üstün hesab edilir. Belə olan halda da, müxalifət partiyaları uzun müddət yaşaya bilməz. Məhz bu səbəblərə görə müxalifət partiyaları arxivə doğru sürətlə addımlamaqdadırlar. Ümumiyyətlə, bu gün sanki müxalifət partiyaları bir-biri ilə mübarizə aparmaq üçün mövcuddurlar. Yəni müxalifət partiyalarının qarşılıqlı şəkildə heç bir səmimiyyətləri yoxdur. Bütün bunlar müxalifətin məğlubiyyətini şərtləndirən əsas amillərdəndir".

Partiya sədri müxalifətdaxili intiriqalara əsaslanaraq bildirdi ki, partiya funksionerlərinin bir-birinə olan nifrət hissini aradan qaldırmaq qeyri-mümkündür: "Bu, birbaşa həmin partiya rəhbərlərinin ambisiyaları ilə bağlıdır. Yəni, həmin ambisiyalar bir-biri ilə ciddi şəkildə toqqşur və bununla da biri-digərinə güzəştə getmir. Həmin partiyalarda ziddiyyətlər aradan qalxmayanıca o partiyalar arasında normal münasibətlərdən söhbət gedə bilməz. Ona görə də, müxalifətçilər tərəfindən yaradılan birliklər sonradan tez bir zamanda dağılır".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə