Aydın Mirzəzadə: “Artıq bu tədbir xeyli müddətdir ki, yüksək səviyyədə keçirilir” MÜNASİBƏT

Aydın Mirzəzadə: “Artıq bu tədbir xeyli müddətdir ki, yüksək səviyyədə keçirilir” MÜNASİBƏT

"Azərbaycanın xaricdəki diplomatik nümayəndə rəhbərlərinin vaxtaşırı toplantısının keçirilməsi artıq ənənə halını alıb. Burada əsas məqsəd birbaşa Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin xarici siyasətinin əsas istiqamətləri barəsində məlumatlandırılmaq və dünyada gedən proseslərdə dövlətimizin mövqeyini daha da möhkəmləndirmək üçün atılacaq addımların müəyyənləşdirilməsidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bu gün Bakıda keçirilən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsinin əhəmiyyətindən danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısının şəxsən bu müşavirədə iştirakı və səfirlər qarşısında çıxışı həmin iclasın əhəmiyyətini xeyli çoxaldır və böyüdür: "Birbaşa olaraq ölkə başçısından Azərbaycanın daxili siyasət prioritetləri və ayrı-ayrı vacib məsələlərin diqqətə götürülməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya səviyyəsində daha çox işıqlandırılması, bu məsələdə xarici dövlətlərin Azərbaycana dəstəyinin gücləndirilməsi və xaricdəki səfirliklərimizin fəaliyyətinin daha da artırılmasından ibarətdir. Artıq bu tədbir xeyli müddətdir ki, yüksək səviyyədə keçirilir. Cənab Prezidentin çıxışından əlavə burada xaricdəki səfirlərimiz qarşısında hökumətin ayrı-ayrı üzvləri, eləcə də ayrı-ayrı sahələr üzrə yüksək səviyyəli mütəxəssislər çıxış edirlər. Təbii ki, diplomatların özləri də öz fəaliyyətləri barəsində müvafiq məlumat verirlər.

Hesab edirəm ki, belə tədbirlərin keçirilməsi Azərbaycan xarici siyasətini günün tələbləri səviyyəsində qurmağa və xaricdəki səfirliklərimizin öz fəaliyyətini Azərbaycan Prezidentinin siyasətinə uyğun qurmağa və ən əsası isə ölkəmizin artan qüdrətini, eyni zamanda xarici siyasətdə də öz əksini tapmasına gətirib çıxarır. Belə müşavirələr tək Azərbaycanda deyil, eləcə də xarici ölkə ictimaiyyətinin də böyük diqqətini cəlb edir. Beynəlxalq ictimaiyyət, xarici dövlətlər Azərbaycan dövlətinin beynəlxalq aləmdə sülhpərvər, öz maraqlarını beynəlxalq hüquq normalarına uyğun quran sivil, demokratik insan hüquqlarının yüksək səviyyədə qorunduğu ölkə olduğunun bir daha fərqinə varırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə