"İlk dəfədir ki, ölkəmiz ATƏT PA-nın sessiyasında ev sahibi kimi çıxış edib. Azərbaycan bu cür mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklə dünyadakı nüfuzunu bir daha göstərmiş oldu". Bu sözləri SİA-ya Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov açıqlamasında deyib.
Onun sözlərinə görə, millət vəkili Azay Quliyevin yenidən ATƏT PA-nın I Komitəsinin sədr müavini seçilməsi də ölkəmiz adına xüsusi vurğulanmalıdır.
Azərbaycan vətəndaş cəmiyyəti təmsilçisi və QHT sədri olaraq R.Qonaqov Parlament Assambleyasının müxtəlif ölkələrdən olan nümayəndələrin səsləndirdiyi fikirləri də şərh edib. Onun sözlərinə görə, avropalı parlament nümayəndələrinin çıxışlarında da bəyan edilib ki, Azərbaycanda bu gün yüksək səviyyədə inkişaf gedir və bu toplantı da layiqli şəkildə təşkil edilib.
Rufiz Qonaqov vurğulayıb ki, Prezident İlham Əliyevin sessiyanın açılışında iştirak edərək mükəmməl çıxışı parlamentariləri heyrətləndirib.
ATƏT PA-nın müzakirə etdiyi məsələlərə münasibət bildirən BMAM sədri Qarabağ münaqişəsi ilə bağlı Assambleyanın işinə dair fikirlərini də bildirib: "ATƏT kimi beynəlxalq nüfuzlu təşkilatların gündəliyi əvvəlcədən müəyyən edilir və məsələlərin müzakirəsi də buna uyğun davam etdirilir. Azərbaycan nümayəndə heyəti və bizim iştirakımızda da məqsəd o idi ki, Dağlıq Qarabağla bağlı vacib fikirlər səsləndirilsin və bunlar qismən səsləndirildi. Səsləndirilməyən fikirlər isə qəbul edilmiş qətnamə və qərarlarda öz əksini tapmış oldu. Sessiya çərçivəsində elə bir qətnamə qəbul olundu ki, orada konkret ad çəkilməsə də, buradakı məsələlərin bilavasitə Dağlıq Qarabağa aidiyyatı var. Ermənilərin çox etiraz etməsinə baxmayaraq bu qətnamə qəbul edildi. Belə bir qətnamənin qəbulu nəticəsində Dağlıq Qarabağ və ətraf ərazilərdə onun tətbiqi mümkündür. Burada isə söhbət mədəni mülkiyyətin qorunmasından və bərpa olunmasından gedir. Qətnamə ATƏT ölkəsinin ərazisi kimi birbaşa Dağlıq Qarabağa da şamil edilir".
Təxribatçı fikirlər yaratmaq istəyən əcnəbi parlament nümayəndələrinin cəhdləri ilə bağlı suallara münasibət bildirən Rufiz Qonaqov hansısa xarici parlamentarilərin Azərbaycanda qarışıqlıq yaratmaq imkanında olmadığını vurğulayıb: "Bu gün Azərbaycanda bu mümkün deyil. Azərbaycan tam stabil ölkə olaraq fəaliyyətini davam etdirir. Sessiyanın gedişatında da gördük ki, erməni parlament üzvləri Azərbaycanın müxtəlif vaxtlarda ortaya qoyduğu fikirlərə dair əks tezislər səsləndirdilər. Lakin sessiya zamanı onların fikirlərinə ATƏT-in və ya digər iştirakçıların ciddi reaksiya göstərdiyini görmədik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB