Əli Əhmədov: "Sizin bu addımlarınız bizim gənclərimiz üçün nümunə olacaq"

Əli Əhmədov: "Sizin bu addımlarınız bizim gənclərimiz üçün nümunə olacaq"

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov 15 İyun Milli Qurtuluş Günü ilə bağlı Bakıdan Avropaya yola çıxan və 10 000 kilometr məsafəni motosikillə qət edən "Harley Davidson"un Bakı klubunun üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev və media nümayəndələri iştirak edib.

YAP-ın Sədr müavini Əli Əhmədov deyib ki, bu, həm sizin, həm də bizim həyatımızda əlamətdar günlərdən biridir: "Çox məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışını özündə əks etdirən 15 İyun - Milli Qurtuluş Günü münasibətilə sizlərlə bir yerdə ANS Şirkətlər Qrupu çox möhtəşəm aksiya keçirib. Təbii ki, bu aksiya Ulu Öndərin tarixi xidmətlərini Azərbaycanın, xalqımızın tarixində oynadığı rola verilən böyük qiymətdir. Eyni zamanda bu, özündə böyük bir fədakarlığı ehtiva edən aksiyadır. Çünki belə bir aksiya keçirmək, böyük məsafə qət etmək və bir sıra çətinliklərə sinə gəlmək böyük bir professionallıq şücaətidir. Mən bunu alqışlayıram və çox yüksək qiymət verirəm. Əlbəttə, siz yola çıxarkən çətinliklərin olacağını da bilirdiniz. Sevindirici haldır ki, bunun öhdəsindən layiqincə gəldiniz. Güman edirəm ki, sizin bu addımlarınız bizim gənclərimizə nümunə olacaq.

Siz bu aksiyanı təşkil etməklə bir daha bütün dünyaya Qurtuluşun nə demək olduğunu və Azərbaycan cəmiyyəti olaraq Qurtuluşa münasibətin nədə ifadə olunduğunu səfəriniz zamanı baş çəkdiyiniz ölkənin sakinlərinə bildirmək istəmişsiniz. Bu çox əlamətdar hadisədir.

Bu gün Azərbaycan dünyanın ən sabit ölkəsidir. Əminamanlıq, dinclik ölkəmizin bu günkü reallığını səciyyələndirir və onun mahiyyətini əks etdirir. Əgər sabitlik, əmin-amanlıq, dinclik, rahatlıq olmasa idi insanın malik olduğu bütün dəyərlər hər hansı bir məna və əhəmiyyət kəsb etməzdi. Əgər ölkədə mərmilər partlayırsa, insanlar həlak olursa, qan tökülürsə və evlər dağılırsa burada bir ailənin, insanın var-dövlət sahibi olmasının heç bir mənası qalmır".

Motoyürüşün təşəbbüskarı, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev bu aksiyanın məqsədinin Azərbaycanı Avropada tanıtdırmaq olduğunu deyib. Onun sözlərinə görə, bu motoyürüş həm də bir sınaq idi: "Atəşkəs şəraitində belə bir ifadə var ki, ordu müharibəsiz zəifləyir. Biz indi atəşkəs şəraitində yaşamağımıza baxmayaraq bu yolu qət etməklə bir də özümüzü Azərbaycan vətəndaşları kimi yoxladıq və belə qənaətə gəldik ki, Azərbaycan kişiləri güclüdür, hər an qələbəyə hazırdır. Ali Baş Komandanın verdiyi bütün əmrləri yerinə yetirə bilərik".

Daha sonra YAP-ın Sədr müavini Əli Əhmədova "Harley Davidson"un emblemi olan köynək hədiyyə edilib.

Əli Əhmədov isə öz növbəsində başda Vahid Mustafayev olmaqla baykerlərə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab bağışlayıb.

Qeyd edək ki, "Azərbaycanı Avropada tanıdaq!" şüarı ilə səfərə çıxan Azərbaycan baykerləri 10 000 kilometr yol qət ediblər ki, buna görə "Harley Davidson"un xüsusi mükafatına və hədiyyələrə layiq görülüblər. Nümayəndə heyətinin rəhbəri Vahid Mustafayevin sözlərinə görə, məqsədləri Azərbaycanı Avropada tanıtdırmaq olan baykerlərimiz Xorvatiyada "Harley Davidson" Bakı klubunun beynəlxalq Harley sahibləri assosiasiyasina üzv qəbul edilməsinə nail olublar. Bundan sonra onlar Azərbaycan bayrağı altında Xorvatiyada keçirilən festivalda iştirak ediblər.

Xatırladaq ki, motoyürüş "Harley Davidson HOG Baku"nun təşkilatçılığı, ANS-in informasiya dəstəyi ilə həyata keçirilib.

"Azərbaycanı Avropada tanıdaq" devizli motoyürüş 14 gün davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə