İyunun 9-da Xəzər Universitetinin ABŞ-ın Prinston Universiteti ilə birgə layihəsi olan "Azərbaycan və müasir dünya: enerji tərəfdaşlığında Orta Şərq müsəlman ölkəsi" adlı təlim proqramına başlanılmışdır. Layihənin icrası ilə bağlı iyunun 10-da Xəzər Universitetində mətbuat konfransı keçirilmişdir.
Xəzər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov layihə barədə məlumat vermişdir. Bildirilmişdir ki, Prinston Qlobal Seminarlar Seriyası çərçivəsində regionda ilk dəfə olaraq Azərbaycanda təşkil edilən bu layihədə Prinston Universitetinin 15, Xəzər Universitetinin isə 3 tələbəsi iştirak edir.
İyulun 18-dək davam edəcək layihə çərçivəsində iştirakçılar ölkəmizin tarixi və mədəniyyəti, müasir Azərbaycanın siyasi quruluşu, beynəlxalq əlaqələri, Azərbaycan dövlətinin enerji siyasəti, Cənubi Qafqaz regionunun inkişaf layihələri və bölgədə təhlükəsizlik məsələləri ilə bağlı mühazirələr dinləyəcəklər.
Seminarların proqramına Azərbaycanın bölgələrinə səfərlər, ölkəmizin tarixi abidələrini və gözəl təbiət guşələrini ziyarət də daxildir.
Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı layihənin əhəmiyyətindən danışmış, onun işinə uğurlar arzulamışdır. Bildirmişdir ki, son 5 ildə Xəzər Universitetində ABŞ, Almaniya və digər xarici ölkələrin universitetləri ilə birgə proqramlar, yay məktəbləri təşkil olunmuşdur. Həmin layihələrdə iştirak edən əcnəbi tələbələr Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını öyrənir, insanların həyat tərzi ilə maraqlanır, ünsiyyət qururlar. Bu təlim proqramı da Azərbaycan və ABŞ gənclərinə bir-biri ilə ünsiyyət yaratmaq, dünya siyasəti və gündəlik həyat məsələləri haqqında onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparmaq imkanı yaradacaqdır.
Layihənin təşəbbüsçüsü və rəhbəri, Prinston Universitetinin professoru Maykl Reynolds təmsil etdiyi ali təhsil müəssisəsinin həyata keçirdiyi Qlobal Seminarlar Proqramı barədə məlumat vermişdir. Bildirmişdir ki, əsası 2007-ci ildə qoyulmuş proqramın məqsədi beynəlxalq mühitdə təcrübə qazanmaqdır. Qlobal Seminarlar Proqramı əvvəllər 20-dək ölkədə (Yaponiya, Fransa, Çin, Polşa, Braziliya və s.) həyata keçirilmişdir. Azərbaycandakı seminarlardan əlavə cari ildə İsveçrə, Qana, Hindistan, Yunanıstan və İrlandiyada da belə tədbirlər təşkil olunmuşdur.
Sonra kütləvi informasiya vasitələri nümayəndələrinin və layihə iştirakçılarının sualları cavablandırılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB