Tahir Kərimli: "Onsuzda dağılmaqda olan təşkilatı saxlamaq mümkün deyil" Münasibət

Tahir Kərimli: "Onsuzda dağılmaqda olan təşkilatı saxlamaq mümkün deyil" Münasibət

"Müsavatın qurultay keçirmək məsələsi siyasətçilərin hamısını bezdirib. Axı nə qədər qurultay söhbəti olar? Deyən lazımdır ki, axı sən Yeni Azərbaycan Partiyasından böyük partiya deyilsən! Ən uzağı həmin partiyanın hər hansı bir rayon təşkilatı həcmindəsən. Onlar 500 nəfərlik qurultay keçirə bilir, ancaq Müsavat bununla razılaşmır". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli Müsavatın iyunun 28-də keçirmək istədikləri qurultaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İsa Qəmbərin özü və onun sədrliyini istəyənlər prosesi bilərəkdən uzadırlar ki, qurultay baş tutmasın və onun sədrliyi də uzansın: "Öz əlləri ilə nizamnaməyə düzəliş ediblər ki, iki dəfədən artıq başqan seçilmək olmaz. İndi guya həmin qərarın peşmanlığını çəkirlər. Başa düşə bilmirəm ki, 650 nəfərlik yer icazəsi verilirsə, niyə qurultay keçirmək istəmirlər? Axı nə qədər bəhanə etmək olar? Hər kəsə məlumdur ki, İsa Qəmbər başqanlıqdan getmək istəmir. Hətta bəziləri qorxurlar ki, başqanlıqdan çıxandan sonra Müsavat dağılacaq. Niyə başa düşmək istəmirlər ki, onsuzda dağılmaqda olan təşkilatı saxlamaq mümkün deyil! Vaxtı ilə, Etibar Məmmədov AMİP-dən, Lalə Şövkət isə Liberal Partiyasından getdikdən sonra onların da təşkilatları zəiflədi. Təbii ki, Müsavatı da bu aqibət gözləyir. Onsuzda Müsavat partiyası keçmiş tərkibinin üzərində bərqərar olmuş təşkilatdır. Odur ki, zəifləmə prosesi bundan sonra da ardıcıl şəkildə davam edir və edəcək".

Qeyd edək ki, Müsavat Partiyası iyunun 28-də təyin etdiyi qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Müraciətdə partiyaya 800-1000 nəfərlik yer ayrılması istənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə