Hafiz Hacıyev: “Əli Kərimli və İsa Qəmbərin qarşısına ağır şərtlər qoyulub” RƏY

Hafiz Hacıyev: “Əli Kərimli və İsa Qəmbərin qarşısına ağır şərtlər qoyulub” RƏY

"Fransa prezidentinin məhz radikal müxalifət nümayəndələri ilə görüşünü neqativ hal kimi dəyərləndirirəm". Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Fransa prezidenti Fransua Ollandın AXCP və Müsavat liderləri, eləcə də radikal düşərgəyə yaxınlığı ilə seçilən media nümayəndələri, həmçinin siyasiləşmiş hüquq müdafiəçiləri ilə görüşünə münasibətini açıqlayarkən deyib. MMP sədrinin fikrincə, bu fakt bir daha sübut edir ki, ölkəmizdə Azərbaycan əleyhinə işləyən bir təşkilat Qərbin ciddi marağındadır: "Bu dairələr çalışırlar ki, həmin insanları yenidən dirçəldərək cəmiyyətə müxalifət partiyası kimi sırısınlar. Görüşdən dərhal sonra hər iki partiya sevincək şəkildə mətbuata açıqlama veriblər. "Fransa prezidenti ilə görüşdən sonra özümüz üçün bəzi məsələləri aydınlaşdırdıq, daha güclü hücum taktikası seçməliyik" deyən İsa Qəmbər və Əli Kərimli bir daha hansı məqsədə xidmət etdiklərini göstərdilər. İsa Qəmbərlə Əli Kərimli birbaşa erməni diasporasına xidmət edirlər. Fransa höküməti hər zaman erməniləri müdafiə edən bir hökümət olduğu üçün bu gün çalışır ki, belə insanların əli ilə ölkəmizdəki sabitliyi pozsun, çaşqınlıq yaratsınlar".

Hafiz Hacıyev bildirib ki, onlara daha səhih məlumatlar daxil olmaqdadır: "Bizdə olan məlumatlara görə böyük qrantların ayrılması üçün bunların qarşısına daha ağır şərtlər qoyulub. Şərtlərə uyğun olaraq müxtəlif mitinqlər, aksiyalar keçirməyə cəhdlər və ölkədə ictimai siyasi sabitliyi pozmaq dayanır. Müasir Müsavat Partiyası olaraq bu haqda kəskin bəyanatla çıxış etmişik. Fransanın qeyri-səmimi davranışının bir daha şahidi olduq. Belə ki, özlərinin agentura kimi saxladıqları qurumlardan fərqli olaraq onların maraqlarından çıxış etməyən heç bir siyasi partiya görüşə dəvət olunmadı".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə