Əli Əhmədov: "Təmiz ekologiya, təbiət, hava hər bir insanın sağlamlığı üçün böyük önəm daşıyır"

Əli Əhmədov: "Təmiz ekologiya, təbiət, hava hər bir insanın sağlamlığı üçün böyük önəm daşıyır"

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu rayonun ərazisində Ulu Öndər Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib. SİA-nın məlumatına görə, kampaniyada Baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin Sədr müavinləri Ziyafət Əsgərov, Bahar Muradova, millət vəkilləri, hakim partiyanın fəal gəncləri və digər qonaqlar iştirak edib.

Baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov deyib ki, Yeni Azərbaycan Partiyası hər il Azərbaycan xalqının Ümummilli Lideri, hakim partiyanın yaradıcısı Heydər Əliyevin doğum günü ərəfəsində müxtəlif aksiyalar keçirir. Bu aksiyalar içərisində Bakı şəhərində yaşıllaşdırma, ağacəkmə kampaniyasının keçirilməsi əhəmiyyətli yer tutur. YAP-ın bu ənənəsinin artıq Bakının müxtəlif guşələrində böyük bir tarixi var. Biz ayrı-ayrı dövrlərdə xeyli sayda ağaclar əkmişik. Bir neçə ildir ki, hazırda olduğumuz bu ərazidə ağaclar əkilib. Bu ağaclar Azərbaycanın, paytaxt Bakının və Nərimanov rayonunun ekologiyasına öz töhvəsini verməkdədir. Bu gün də Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümü ərəfəsində YAP-ın fəallarının bir qismi bu müəyyən olunmuş yerdə ağacəkmə kampaniyası keçirir.

Burada 500-dən çox şam ağaclar əkiləcək. Güman edirəm ki, bu ağaclar da bir neçə ildən sonra böyüyəcək və Azərbaycanın, Bakının ekologiyasının təmizlənməsinə kömək göstərəcək. Azərbaycan Prezidenti İlham Əliyev ağaclara qayğı göstərilməsini dəfələrlə vurğulayıb. Bu barədə dövlət başçısının həm mövqeyi, həm də tapşırıqları hər birinizə bəllidir. Güman edirəm ki, YAP Ulu Öndərin doğum günü ərəfəsində bu aksiyanı keçirməklə bir yandan vaxtilə Heydər Əliyevin yaşıllığa, ekologiyaya verdiyi önəmli qiyməti, ənənəni davam etdirdi. İkincisi isə Prezident İlham Əliyevin tapşırıqlarının icrası istiqamətində hakim partiya da öz töhvələrini verməkdədir. Hesab edirik ki, təmiz ekologiya, təbiət, hava hər bir insanın sağlamlığı üçün böyük önəm daşıyır və bu işə də mühüm töhvə verən kampaniyalardan biri də ağacların əkilməsidir".

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, bu ərazi YAP tərəfindən salınmış meşədir: "Hesab edirik ki, biz burada çox gözəl bir meşə massivi yaradacayıq. Çünki biz bundan öncə də Bayılda çox gözəl bir meşə zolağı salmışdıq. Demək olar ki, orada on illərlə belə aksiyalar keçirilib. Hazırda isə biz Nərimanov rayonunda bu aksiyanı həyata keçiririk".

YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev ətraf mühitin qorunması, yaşıllıq zolaqlarının salınması istiqamətində çox böyük işlər həyata keçirib. Dahi şəxsiyyətin hakimiyyəti illərində paytaxt Bakıda böyük yaşıllıq zolaqları salınıb. Prezident İlham Əliyev də Ümummilli Lider Heydər Əliyevin bu siyasətini davam etdirərək, yaşıllaşdırma, ətraf mühitin və ekoloji tarazlığın qorunması siyasətini çox ciddi şəkildə həyata keçirir. Heydər Əliyev Fondu da bu istiqamətdə çox böyük işlər görməkdədir. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda yaşıllıq zolaqlarının salınması istiqamətində işlər görülür və ekologiyamızın qorunması üçün tədbirlər həyata keçirilir. Təbii ki, YAP-da ildə bir neçə dəfə bu cür tədbirləri həyata keçirməkdədir. Bu, Ulu Öndərimizin siyasətinə bir töhvədir".

Qeyd edək ki, kampaniyada 500-dən çox şam ağacı əkilib və sulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə