Elman Məmmədov: “Kaliforniyada qəbul edilmiş qərar ən yaxşı halda bələdiyyə qərarı kimi başa düşülə bilər”

Elman Məmmədov: “Kaliforniyada qəbul edilmiş qərar ən yaxşı halda bələdiyyə qərarı kimi başa düşülə bilər”

"Kaliforniya ştatının qondarma qurumu tanımasını bütövlükdə ABŞ-ın siyasəti kimi qəbul etmək düzgün deyil. Çünki Birləşmiş Ştatlarla Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq yüksək səviyyədə inkişaf edir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov ABŞ-ın Kaliforniya ştatının parlament komitəsində qondarma Dağlıq Qarabağ Respublikasının tanınması istiqamətində müsbət qərar verməsinə münasibətini açıqlayarkən deyib.

Millət vəkili qeyd edib ki, bizim ölkələrimiz arasında münasibətlər, o cümlədən, diplomatik münasibətlər də yüksək səviyyədədir: "Ümumiyyətlə, ABŞ dövlət səviyyəsində dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmət edir. Hər hansı bir ştatda, hər hansı bir qurumda ola bilər ki, erməni lobbisinin gücü çox olsun. Amma bu o demək deyil ki, onlar qərar qəbul edib nəyisə dəyişirlər. Çünki bu gün bütün dünya bilir və qəbul edir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, Azərbaycanın tarixi torpağıdır. Bu baxımdan, bizə məxsus torpaqlar ətrafında hansısa qurumların qərar qəbul etmələrinin heç bir əhəmiyyəti yoxdur".

Elman Məmmədov qeyd edib ki, bu gün Azərbaycanda da istənilən bir şəhər, kənd, qəsəbə bələdiyyəsi ABŞ-da cərəyan edən siyasi proseslərlə bağlı qərar qəbul edə bilər: "Ancaq bu, bütövlükdə Azərbaycan dövlətinin siyasətini göstərən bir amil kimi qəbul olunmayacaq. Misal üçün, Türkiyədə bir çox bələdiyyələr var ki, Xocalı qətliamını soyqırımı kimi tanıyıblar, bu istiqamətdə qərar qəbul ediblər. Hətta həmin qərarlarını Türkiyə Böyük Millət Məclisinə də göndəriblər. Ancaq bildiyimiz kimi, Tükiyə dövlət olaraq Xocalı qətliamını soyqırımı kimi tanımayıb. Yəni Kaliforniyada qəbul edilmiş qərar ən yaxşı halda bir bələdiyyə qərarı kimi başa düşülə bilər və bu, tam olaraq ABŞ-ın dövlət siyasətini təyin eləmir. Kaliforniyanın müəyyən yerlərində fəaliyyət göstərən erməni lobbisi nə qədər güclü olsa da heç vaxt ABŞ-ın dövlət siyasətinə müdaxilə edəcək gücdə ola bilməz".

Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyini vurğulayan Elman Məmmədov tezliklə belə məsələlərə son qoyulacağını qeyd edib: "Məhz bütün bu məsələlərə son qoymaq üçün əminik ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək, Dağlıq Qarabağdakı separatçı, terrorçu və cinayətkar qurum tamamilə ləğv olunacaq, cinayətkarlar öz cəzalarına çatacaqlar. Bax, onda bu kimi xırda-para məsələlərə son qoyulacaq. Hələ nə qədər ki, torpaqlarımız işğal altındadır, orada separatçı, cinayətkar qurumlar fəaliyyət göstərir, onlar son nəfəslərinə qədər çabalayacaqlar. Biz isə məhz Prezidentimizin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik, ərazi bütövlüyümüz, toxunulmazlığımız təmin olunacaq və biz öz doğma yur-yuvalarımıza qayıdacağıq. Məhz onda belə məsələlərə birdəfəlik olaraq son qoyulmuş olacaq".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə