Zahid Oruc: “Bəlli məqsədlər güdən media orqanlarının fikirlərinə əhəmiyyət verməməliyik”

Zahid Oruc: “Bəlli məqsədlər güdən media orqanlarının fikirlərinə əhəmiyyət verməməliyik”

"Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ermənistan sərhədinin Azərbaycan ərazilərinin işğaldan azad olunmasından sonra mümkün olacağı bəyanatı ilə çıxış etmişdi. Düşünürəm ki, biz bu mövzu üzərində dayanmalıyıq". Sözügedən fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Türkiyənin Uşak şəhərində Xocalı soyqırımının xatirəsinə ucaldılan abidənin üzərindən "soyqırımı" ifadəsinin "qətliam" ifadəsi ilə dəyişdirilməsinə münasibətini bildirərkən dedi.

Millət vəkili vurğuladı ki, Xocalı abidəsinə qarşı hörmətsizlik göstərilibsə, bunu Türkiyənin Azərbaycana qarşı hörmətsizliyi kimi qiymətləndirmək lazım deyil: "Bu cür fikir və söz tələlərinə düşməli deyilik. Çünki qardaş ölkənin hər hansı bir vətəndaşının fikrini öyrənsək, şahidi olarıq ki, Xocalı soyqırımının ağrısına, acısına ən azı bizim qədər yanaşır. Belə olan təqdirdə hansısa bəlli məqsədlər güdən media orqanlarının fikirlərinə əhəmiyyət verməməliyik. Türkiyə və Azərbaycanın qardaşlığı, birliyi, münasibətləri sarsılmazdır. Bu əbədiyyən də belə olacaq".

"Beynəlxalq siyasi münasibətlər sistemi həddindən artıq mürəkkəb olduğu üçün Türkiyənin artan nüfuzu, iqtisadi və siyasi gücü fonunda Qərbin həmin ölkə üzərinə ən müxtəlif şəkildə təsir və təziqləri artmaqdadır" -deyə bildirən Zahid Oruc eyni zamanda bildirdi ki, bəzən daxili etnik milli zəmində qarşıdurmaları stimullaşdırmaqla və yaxud onu dini kəsimlə toqquşdurmaqla həmin ölkənin gücünü sarsıtmaq ən əlverişli planlar sırasında olub: "Bunun üçün erməni kartı daha əlverişldir. İstər Fransa, Almaniya, istərsə də ABŞ-ın Türkiyəyə qarşı uzaqgedən siyasəti içərisində ən mühüm zərbələri məhz bu vasitə ilə vurublar. Bunun illər boyu şahidi olmuşuq. Ona görə də, bəzən Türkiyədə etnik ermənilərə münasibətdə hökümətin hansısa davaranışlarını, müəyyən jestlərini və yaxud da siyasi bəyanatlarını dərhal Azərbaycanın başı üzərindən xəyanət etmək kimi dəyərləndirmək olmaz. Bunun üçün daha ayıq siyasi təhlillər gərəkdir. Azərbaycan-Türkiyə münasibətləri bir baxışdan mənəvi hesablamalarla və yanaşmalarla deyil, hüquqi aktlarla tənzimlənir. O ölkəyə yeni siyasi iqtidarlar da gəlsə, bu qərarlardan, dövlətlərarası razılaşmalardan geri çəkilməsi mümkün deyil".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə