Nazir: “Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır”

Nazir: “Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır”

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo ilə görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı iki ölkə arasında maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqda qarşı tərəfə ətraflı məlumat verib və Azərbaycanın münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin tərəfdarı olduğunu qeyd edib.

İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo ölkəmizə səfərindən məmnun olduğunu bildirib və Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Daha sonra hər iki nazirin iştirakı ilə mətbuat konfransı keçirilib. Elmar Məmmədyarov jurnalistlərə məlumat verərək deyib ki, bu İspaniya Krallığının xarici işlər nazirinin Azərbaycana tarixi səfəridir: "Biz çalışırıq ki, əməkdşlığımızı daha da genişləndirək. İkitərəfli əlaqələr yüksək məcrada inkişaf edir. İspaniya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həmkarımla regional, eləcə də Ukraynada baş verən prosesləri də müzakirə etdik. Bu səfər ikitərəfli əməkdaşlığımıza böyük imkanlar açacaq. İspaniya Azərbaycan Neft şirkəti ilə ikitərəfli əməkdaşlığa başlayıb. Bununla belə, qarşı tərəfin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə marağı daha böyükdür".

İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo isə öz növbəsində həmkarı ilə görüşündən və Azərbaycanda olmağından məmnunluğunu dilə gətirib: "Azərbaycanın regionda siyasi və iqtisadi baxımdan əhəmiyyəti böyükdür. Biz görüşdə qərara gəldik İspaniyanın Azərbaycanda daimi nümayəndəliyini açaq. Azərbaycan neft və qaz sahəsində xüsusi çəkiyə malikdir. Biz siyasi münasibətlərimizi inkişaf etdirəcəyik və bu istiqamətdə memorandum imzalamağı düşünürük".

Elmar Məmmədyarov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Xəzəryanı ölkələrin Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsində ciddi irəliləyiş əldə etdiyinə dair fikirləri ilə bağlı jurnalistlərin ona ünvanladığı sualı belə cavablandırıb: "Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərləri payızda Həştərxanda keçiriləcək sammitlə bağlı müzakirələr aparıblar və qarşıdakı aylarda İranda nazir müavinləri səviyyəsində görüş planlaşdırılır. Əgər ekspertlər yekun sənəd ətrafında müzakirələri yekunlaşdıra bilməsələr, nazirlər səviyyəsində də görüş ola bilər. Moskva görüşü çox konstruktiv olub. Beş ölkə tam şəkildə razıdır ki, prosesdə irəliləyiş olsun. Müxtəlif məsələlər açıq şəkildə müzakirə olunub. Bu görüş Xəzərin statusunun müəyyən edilməsində böyük imkanlar açacaq".

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ötən gün Moskvada rusiyalı həmsədr İqor Popovla keçirdiyi görüş barəsində də danışıb: "Görüşdə status-kvonun qəbuledilməz olduğu bir daha vurğulanıb. Rusiya tərəfi ilk növbədə çalışır ki, münaqişənin nizamlanmasında irəliləyiş olsun. Eyni zamanda növbəti aylarda hansı istiqamətdə danışıqların aparılacağını müzakirə etdik. Ümid edirəm ki, danışıqlar intensivləşəcək. Status-kvo vəziyyəti tam şəkildə qəbuledilməzdir. Ermənistan qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmalıdır".

Qeyd edək ki, sonda Azərbaycan Respublikası və İspaniya Krallığı arasında "Gəlirlərə və əmlaka görə vergilərə münasibətlərdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" konvensiya imzalanıb. Sənədi Azərbaycan və İspaniyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Xose Manuel Qarsiya-Marqallo imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə