Azad İsgəndərli: "Mənəvi dəyərlərimizi təhqir edən vətəndaş ola bilməz"
"Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ötən il Azərbaycanın tarixi şəxsiyyətlərini təhqir etməklə məşğul olub. Mən də "Türk Dünyası Problemləri İnstitutu" (TDPİ) direktoru olaraq bunlara cavab verdim". Bu fikirləri SİA-ya açıqlamasında ictimai fəal, TDPİ-nin ditektoru Azad İsgəndərli ADP sədri Sərdar Cəlaloğlunun ölkənin tarixi şəxsiyyətlərinə qarşı işlətdiyi təhqirli ifadələrə münasibət bildirərkən deyib.
A.İsgəndərli Sərdar Cəlaloğlunun guya "facebook" səhifəsində təhqir olunması iddialarına da fikirlərini bildirərək deyib ki, hər şey heç də ADP sədrinin irəli sürdüyü iddiaları ilə uyğun deyil: "Mən ona cavabımda demişəm ki, onun tarixi şəxsiyyətlərimiz və haqqımda dediklərinin hamısı onun özünə şamil olunsun. Hesab edirəm ki, tarixi şəxsiyyətlərimiz bizim mənəvi dəyərlərimizdir. Azərbaycan xalqının mənəvi dəyərlərini təhqir edən kəsi Azərbaycan vətəndaşı olaraq qəbul edə bilmərik, bu bizim vətəndaşlıq borcumuzdur. Qeyd etdiyim kimi ona cavabımda heç bir söyüş və təhqir olmayıb".
A.İsgəndərli Sərdar Cəlaloğlunun ondan 50 min manat təzminat istədiyini də bildirib: "Şirvan şəhərində qeydiyyatda olduğum üçün Sərdar Cəlaloğlu onu "təhqir" və "söydüyümə" görə rayon məhkəməsində iddia qaldırıb və 50 min manat pul ödəməyi tələb edir. Məhkəmə ərəfəsində "Rusiyada yaşayan azərbaycanlıların müdafiə komitəsinin" sədri kimi bu ölkədə olmuşam. Bu haqda mətbuat da yazıb. Orada Rusiya ombudsmanı Vladimir Petroviç Lukinlə görüşmüşəm. Həmin ərəfədə Şirvan Məhkəməsinin hakimi Ziya Əliyev qərar çıxarıb ki, Azad İsgəndərli məhkəməyə gəlmədiyi üçün 10 min manat cərimələnsin. Bununla razılaşmayaraq Şirvan şəhər apelyasiya məhkəməsinə müraciət etmişəm. Məhkəmədəki çıxışımda da bildirdim ki, mənim tərəfimdən Sərdar Cəlaloğluna qarşı heç bir söyüş və təhqir olmayıb".
"Bu adam 2012-ci ilin oktyabr ayında "Bütöv Azərbaycan Konseyi"ndəki çıxışı zamanı Koroğlunu, Qaçaq Nəbini, Ramil Səfərovu, Səməd Vurğunu təhqir edib. Necə olub ki, bütün bunlar təhqir sayılmır, mənim dediklərim təhqir sayılır?",- deyə sual edən A.İsgəndərli həmçinin bildirdi ki, əgər o Sərdar Cəlaloğlunu tənqid etməsəydi, özünü tarixi şəxsiyyətlər, qəhrəmanlar qarşısında günahkar hesab edərdi.
"Mən söyüş söyməmişəm. Əgər lazım olsa, Sərdar Cəlaloğlunu söyərəm. Hətta daha kobud davranaram", - deyən A.İsgəndərli qeyd etdi ki, əslində, Cəlaloğlu bizim milli-mənəvi dəyərlərimizi təhqir edib, söyüb, Azərbaycan xalqını heçə endirib, dövlət başçısının gördüyü işlərə kölgə salıb: "Sərdar Cəlaloğlu kimilərinin Azərbaycanda yaşamağa, suyundan içib, çörəyindən yeməyə mənəvi haqqı yoxdur. Sən Azərbaycan xalqını təhqir edə bilərsən, amma sənin cavabını vermək olmaz? Deyirsən Azərbaycanda kişi yoxdur? Azərbaycanda kişilər var və sənin cavabını verdilər".
A.İsgəndərli aprelin 29-da Şirvan şəhər Apellyasiya məhkəməsinin davam edəcəyini bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB