Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində şagirdlər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş rayon birinciliyi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, yarışda Lənkəran şəhər tam orta məktəblərinin və Xarici dillər təmayüllü gimnaziyanın komandaları güclərini sınayıblar.
Tədbirin açılış mərasimində çıxış edən FHN-nin Cənub Regional Mərkəzinin rəisi polkovnik Zəmani Dadaşov FHN-nin təşkilatçılığı və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə dəstəyi ilə keçirilən yarışların əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanmasndan və digər məsələlərdən geniş bəhs etməklə komandalara uğurlar arzulayıb.
Yarış kombinə edilmiş yanğın estafeti, maneələr zolağı, komandaların təqdimatı və gənc ekspertlər müsabiqəsi adlı mərhələlərdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına görə, R.Bədəlov adına Lənkəran şəhər 9 №-li tam orta məktəbi birinci, Lənkəran şəhər 5 №-li tam orta məktəbi ikinci və Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziya üçüncü yeri tutub.
Yarışda fərqlənmiş komandalar təşkilat komitəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olunublar. Birinci yeri tutan komanda isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə keçiriləcək gənc xilasedici və yanğınsöndürənlərin zona yarışlarında iştirak etmək hüququ qazanıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB