"Əli Kərimli kimi cılız birinin Ukraynaya məsləhət verməsi ağla sığmır" Münasibət
"İlk növbədə qeyd etmək lazımdır ki, Ukrayna ərazisinə görə Azərbaycandan 8 dəfə böyükdür. Eyni zamanda Ukrayna sovetlər vaxtında BMT-nin üzvü olub. Bütün bu səbəblərdən də kiminsə Ukrayna dövlətinə yer göstərməyi yersizdir". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli AXCP sədri Əli Kərimlinin Ukrayna siyasilərinə "ağıl dərsi" verməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, kiçik ölkədə də dahilər yetişib başqa dövlətə məsləhət verə bilər: "Ancaq insan ilk növbədə gərək öz keçmişinə baxsın və görsün ki, əvvəl nə kimi nailiyyətləri olub. Maraqlıdır ki, Əli Kərimli müxalifət lideri olaraq bu günə qədər hansı uğura nail ola bilib? Hər kəsə məlumdur ki, Ukrayna müxalifətinin 150-dən çox deputatı ölkə parlamentində təmsil olunur. Onların böyük sosial bazası var. Bütün bunların qarşısında Əli Kərimlinin onları qətiyyətsizlikdə günahlandırmağı absurddur. Deyən lazımdır ki, özün hansı qətiyyətli addımlar atmısan? Bu, doğurdanda gülünc vəziyyətdir".
"AXCP sədrinin müavini Nurəddin Məmmədliyə gəlincə, hər kəs onun çıxışlarını lağa qoyur. Ukrayna iki güclü dövlət olan Rusiya və ABŞ-la məsləhətləşmələr apara bilər. Dünyanı idarə edən rəhbərləri ola-ola Əli Kərimli kimi cılız birinin Ukrayna müxalifətinə məsləhət verməsi ağla sığan deyil. Bələdiyyə seçkilərində heç bir uğur əldə edə bilməyəsən, durub Ukrayna kimi bir dövlətin müxalifətini qətiyyətsizlikdə günahlandırasan. Belə bir atalar məsəli var: "özünə umac ova bilməyən, başqasına əriştə kəsir. Onlar hələ də başa düşmürlər ki, bu kimi hərəkətləri ilə ancaq özlərini biyabır etmiş olurlar" – deyə, partiya sədri məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Qeyd edək ki, AXCP sədri Əli Kərimli şəxsi "facebook" səhifəsində növbəti dəfə Ukraynada baş verən hadisələrə münasibət bildirib. AXCP sədrinin Ukrayna müxalifətinə məsləhət verməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. AXCP sədrinin müavini Nurəddin Məmmədli isə Əli Kərimlinin dünya siyasətçisi adlandırıb və onun belə məsələlərə münasibətinə haqq qazandırıb: "Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB