Politoloq: “Krım böhranı Rusiyanın Xəzərin hüquqi statusu məsələsindəki mövqeyinə ciddi təsir göstərir”

Politoloq: “Krım böhranı Rusiyanın Xəzərin hüquqi statusu məsələsindəki mövqeyinə ciddi təsir göstərir”

"Krım Böhranı dünyaya, o cümlədən də bizim regionda bütün münasibətlərə təsir göstərib. Çünki Rusiya daha aqressiv olmağa başlayıb. Yəqin ki, onun bu aqressivliyi Xəzər dənizinin hüquqi statusu məsələsinə də öz təsirini göstərəcək". Bunu SİA-ya politoloq Qabil Hüseyinli Ukrayna böhranının Xəzər dənizin hüquqi satusu məsələsinə təsirindən danışarkən deyib.

Politoloq deyib ki, əvvəllər Rusiya Xəzər dənizinin hüquqi statusu məsələsinə qeyr-konstruktiv mövqe tutmurdu, ancaq son zamanlar onun mövqeyində dəyişikliklər hiss olunmaqdadır: "Ola bilər ki, Ukrayna hadisələrindən sonra Rusiyanın da mövqeyi İranın mövqeyinə bənzər şəkil alsın. Çünki Qərb Xəzərin dibi ilə Türkmənistan qazını keçirməklə Rusiya qazına alternativ xətt çəkmək istəyir və bu xəttə Azərbaycanı da qoşmaq istəyir. Rusiya bu məsələyə maneə olmaq üçün Xəzərin hüquqi statusu məsələsində qeyri-konstruktiv mövqe tutmağa başlaya bilər. bununla da həm Türkmənistan qazının Xəzərin dibi ilə nəqlinə, həm də Azərbaycanın bir sıra layihələrini ekoloji problemləri bəhanə gətirərək maneəçilik törətməyə çalışacaq. Ancaq Azərbaycan bütün bunları nəzərə almadan öz işlərini görə bilər.".

Q.Hüseyinli qeyd edib ki, Türkmənistan qazının Azərbaycan vasitəsi ilə Avropaya nəqli layihəsi çoxdandır mövcuddur: "Buna Türkmənistan tərəfi razılığını verib. Çox güman ki, Türkmənistan prezidentinin Azərbaycana olan səfəri zamanı bu məsələ ətrafında da danışıqlar aparılacaq. Həmçinin, bu məsələ ətrafında ABŞ və Türkiyə də Türkmənistan, Özbəkistan və Qazaxıstanla danışıqlar aparır. Qazaxıstan və Türkmənistan tərəddüd etsə də, Türkmənistan çəkiliş xərclərinə qoşulmamaqla öz qazını nəql etməyə razılıq verib".

Politoloq vurğulayıb ki, bu layihə reallaşsa, Qərb Rusiya qazı olmadan Türkmənistan və Azərbaycan qazını almaqla ehtiyaclarını ödəyə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə