Sədaqət Vəliyeva: “Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoyur”

Sədaqət Vəliyeva: “Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoyur”

"Miqyasına və dəhşətlərinə görə Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş bir soyqırımıdır. Xatın, Liditsa, Oradur, Ruanda soyqırımıları kimi Xocalı soyqırımı da insanlıq tarixinə yazılan qanlı faciədir". Bunu www.yap.org.az saytına müsahibəsində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Onun sözlərinə görə, bu gün həmin hadisələri bir daha təhlil etdikdə görürük ki, ermənilər o zaman Xocalı soyqırımını törətməkdə siyasi və strateji məqsəd güdürdülər: "Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf etdi.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə dava etdirən Prezident İlham Əliyev isə Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirdi. Dövlətimizin başçısı İlham Əliyev Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün bütün resursları və vasitələri işə saldı. Hətta, 2007-ci ildə Milli Məclis Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar geniş qərar qəbul etdi, Prezident İlham Əliyev isə "Xocalı soyqırımının 20-ci ildönümü haqqında" 2012-ci il yanvarın 17-də Sərəncam verdi. Məhz, birbaşa Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımına yönəltmək üçün dövlət başçısının, ölkənin siyasi elitasının iştirakı ilə ümumxalq yürüşü də keçirildi.

Eyni zamanda, bu gün Azərbaycan dövləti və hökuməti, digər qeyri-hökumət təşkilatları, diaspor qurumları ilə yanaşı Heydər Əliyev Fondu da Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri dünyanın hər yerində nümayiş etdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox nöqtəsində Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimləri keçirilir.

Bununla yanaşı, Xocalı soyqırımı haqqında bütün faktların dünya dövlətlərinə çatdırılması istiqamətində atılan ən mühüm addımlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralında start verilmiş və 50-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyasıdır. Hazırda dünyanın bir çox nöqtəsində həyata keçirilən bu kampaniya çərçivəsində görülən işlərin nəticəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 50-dən artıq ölkəsinin parlament nümayəndə heyəti Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanıyıb. Həmçinin, Meksika, Pakistan və digər ölkələrin parlamentəri də Xocalı soyqırımını tanıyan sənədlər qəbul ediblər.

Göründüyü kimi, Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoyur. Elə Prezident İlham Əliyevin beynəlxalq səviyyədə keçirilən "Xocalıya ədalət" kampaniyasının əhəmiyyətini nəzərə alaraq, "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncam böyük əhəmiyyətə malikdir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə