Ziyafət Əsgərov: “Ermənistanın rəhbərliyi daim siyasi və dini ekstremizmi dəstəkləyir”
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov İspaniya Parlamenti üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərindən söz açan Ziyafət Əsgərov deputatların NATO, AŞPA kimi nüfuzlu beynəlxalq qurumlarda görüşdüklərini, Avropa İttifaqı çərçivəsində yaxşı əlaqələrimiz olduğunu qeyd edib.
Z.Əsgərov qonaqlara Azərbaycanın bölgədə həyata keçirdiyi qlobal neft-qaz layihələrindən, Avropanın enerji təchizatında ölkəmizin oynadığı roldan bəhs edib.
Milli Məclis Sədrinin birinci müavini Azərbaycanla İspaniya arasındakı ticarət dövriyyəsinə dair faktları diqqətə çatdıraraq daha geniş sahədə əməkdaşlıq üçün imkanlarımız olduğunu bildirib, bu baxımdan kənd təsərrüfatı, turizm və idman sahələrini xüsusi vurğulayıb.
Eyni zamanda Z.Əsəgərov İdman və turizmin inkişafı sahəsində Azərbaycandakı yeniliklər barədə qonaqlara məlumat verib.
İspaniya futbolunun səviyyəsini təqdir edərək bu sahədə əməkdaşlığın yaxşı nəticələr verəcəyini söylədi.
Milli Məclis Sədrinin birinci müavini parlamentlərarası əlaqələrin əhəmiyyətini yüksək dəyərləndirərək qeyd edib ki, ölkələrimiz arasında daha sıx və çoxşaxəli əməkdaşlığın inkişafı üçün biz parlamentarilər hüquqi bazanı daha da genişləndirməliyik.
Ziyafət Əsgərov Dağlıq Qarabağ problemindən ətraflı söhbət açaraq bildirib ki, Ermənistanın təcavüzkar mövqeyi hələ də davam edir, son həftələrdə erməni tərəfi atəşkəs rejimini dəfələrlə pozub, sərhədyanı bölgələrimizdə itkilərimiz var: "Bədnam qonşularımız 1988-ci ildən bugünədək Azərbaycan ərazisində yüzlərlə terror hadisəsi, 1992-ci ilin 26 fevralında isə Xocalı qətliamını törədiblər".
I vitse-spiker bildirib ki, Ermənistanın rəhbərliyi daim siyasi və dini ekstremizmi dəstəkləyir.
Görüşdə nümayəndə heyəti adından fikirlərini bölüşən İspaniya Xalq Partiyasının Valensiya üzrə deputatı, Xarici işlər üzrə komissiyanın təmsilçisi Xose Maria Çikiyo qəbula görə təşəkkürünü bildirərək Azərbaycanla sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduqlarını qeyd edib. Qarşılıqlı səfərlərin intensivləşməsi vacibliyini vurğulayıb.
O, hazırkı səfərin məqsədinin Azərbaycan reallıqlarını öz gözləri ilə görmək, həqiqəti anlamaq olduğunu deyib.
Qonaq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyünün pozulduğu, Xocalı faciəsi barədə məlumatlıdırlar. 20 ildən çoxdur ki, Ermənistan BMT TŞ-nın müvafiq qətnamələrinə əməl etmir. İnsan hüquqlarının qorunması vacibliyinə toxunan Xose Maria Çikiyo qeyd etdi ki, Azərbaycanın qaçqın və köçkünləri yalnız ev-eşiyini itirməyib, eyni zamanda psixoloji travma alıbdır: "Biz o travmanın aradan qaldırılması, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni etməyə hazırıq". Onu da nəzərə çatdırdı ki, parlamentlərarası əlaqələrimizin möhkəmlənməsi İspaniyanın iri şirkətlərinin də Azərbaycana gəlişinə yol aça bilər.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB