Əli Əhmədov: “Gənclərimiz Suriyaya getməkdənsə, torpaqlarımızı işğaldan azad etməlidir” AÇIQLAMA

Əli Əhmədov: “Gənclərimiz Suriyaya getməkdənsə, torpaqlarımızı işğaldan azad etməlidir” AÇIQLAMA

"Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır. Təbii ki, hər bir Azərbaycan vətəndaşı və gənci öz torpaqlarını işğaldan azad etməyə hər zaman hazır olmalıdır". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov Suriyada həlak olan Azərbaycan vətəndaşları ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Ə.Əhmədovun sözlərinə görə, baxmayaraq ki Azərbaycan torpaqları işğal altındadır, hər bir Azərbaycan vətəndaşı torpaqlarımızı işğaldan azad etmək üçün ölümə getməyə hazırdır. Ancaq Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət dünyanın heç bir yerində müharibə, qan tökülməsini istəmir. Biz Azərbaycanın hər hansı bir vətəndaşının müharibələrdə və fəlakətlərdə iştirakını arzu etmirik. Mən Azərbaycan gənclərinin Suriyada hər hansı ideyalar uğrunda mübarizəyə qoşulmasına müsbət baxmıram".

YAP-ın Sədr müavini bildirib ki, dünya birliyi çalışmalıdır ki, Suriyada qan tökülməsinin qarşısı alınsın, sabitlik və əmin-amanlıq yaransın: "Azərbaycan gənclərinin gedib Suriyada döyüşməsi və həlak olması isə bizim üçün lazım deyil. Azərbaycan gəncləri öz torpaqlarının işğaldan azad edilməsi uğrunda çalışmalıdır və buna hazır olmalıdır. Hər birimiz çağırışlar etməliyik ki, hər hansı vətəndaşımız bundan sonra başqa yerlərə, o cümlədən Suriyaya döyüşlər aparmağa getməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə