Bu günün keyfiyyətli təhsili sabahkı uğuru təmin edir TƏƏSSÜRATLAR
Bu gün ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir. SİA-nın məlumatına görə, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi, onlara diqqət və qayğının təzahürü olan bir sıra fərman və sərəncamların imzalanması Azərbaycan gəncliyini daha fəal olmağa çağırdı. Gənclərimiz bu çağırışlara lazımi şəkildə cavab vermək, göstərilən etimadı doğrultmaq, quruculuq prosesində daha yaxından iştirak etmək üçün əzmlə çalışmağa başladı. Beləcə, 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Bunun ardınca 1996, 1999 və 2003-cü illərdə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyətində mühüm dönüş yaratdı.
Hazırda gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək səviyyədə həyata keçirilir. Dövlət başçısı 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı haqqında" sərəncam imzaladı. Bu sənədə uyğun olaraq 7 iyul 2011-ci il tarixli sərəncamla Dövlət Proqramının təsdiq edilməsi gənclər siyasətini daha da inkişaf etdirməyə, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmağa, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə xidmət edəcək.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova deyib ki, artıq xeyli müddətdir ki, həmin gün Azərbaycanda böyük təmtəraqla qeyd edilir: "Əsas məsələ odur ki, biz həmin tarixdə gənclər proqramı, gənclər təşkilatları, ümumilikdə isə gənclərin həyatında baş verən hadisələri, layihələrlə bağlı hesabat xarakterli tədbirləri həyata keçirmək, eləcə də növbəti il üçün gəncləri maraqlandıran, onların intellektualığını, inkişafını təmin edə biləcək günü qeyd edəcəyik. 2 fevral mənim üçün xüsusilə önəmlidir. Ona görə ki, həmin tarixdə cənab Prezident İlham Əliyevin gənclərlə görüşü keçirilib. Bu ərəfədə isə gənclər istiqamətində çox mühüm işlər həyata keçirildi. Bundan sonra növbəti illərdə gənclər hərəkatında böyük inkişaf meyli hiss olundu. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı bu gün uğurla davam etdirilir. Ölkə gəncləri bu proqram çərçivəsində həm beynəlxalq arenaya çıxır, eyni zamanda yerli, lokal səviyyədə layihələr həyata keçirirlər. Bu mənada hesab edirəm ki, 2 fevral həm Gənclər günü, həm də gənclərin özünə hesabat verdiyi gündür".

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov bildirib ki, dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğı kifayət qədər uğurlu bir modeldir: "Bu öz əksini təkcə Azərbaycan daxilində söylənilən fikirlərlə deyil, eləcə də xarici qonaqların paytaxt Bakıya gəlməsində və yaxud da bizim gənclərin xaricə mütəmadi səfərlərində özünü daha aydın təzahür edir. Azərbaycan gənclər siyasətinin ən müsbət xüsusiyyətlərindən biri onun davamlı olmasıdır. Əgər biz ölkəmizin müstəqillik tarixinə və bu ərəfədə qəbul olunan qərarlara, həyata keçirilən işlərə nəzər yetirsək görərik ki, orada gənclərə aid mütəmadi proqramlar qəbul olunub. Tam səmimi olaraq deyərdim ki, mən həqiqətən də çox xoşbəxtəm ki, Azərbaycanda yaşayıram. Beləcə mənim Azərbaycanda gənclər üçün yaradılan imkanlardan yetərincə istifadə etmək imkanım olur. Bu gün ölkə gəncliyinin inkişafı üçün bütün sahələrdə uğurlu inkişaf və kifayət qədər münbit şərait yaradılıb".

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə vurğulayıb ki, Azərbaycan dövlətində aparılan gənclər siyasəti müsbət brendə malikdir. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən gənclərimizə bu diqqət və qayğı ildən-ilə artmaqdadır. Biz gənclər siyasətindən danışarkən ilk növbədə bura çevik, fəal və savadlı gəncləri daxil edə bilərik. Amma bütün bunlara baxmayaraq hələ görüləsi işlər daha çoxdur. Ölkə gəncliyi daimi olaraq axtarışda olduğu üçün yeni layihələrin, proqramların icrasına da istəklər yaranır. Hazırda ölkəmizdə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı uğurla icra olunur. Əminəm ki, bundan sonra da gənclərin inkişafı istiqamətində növbəti proqramlar qəbul olunacaq. Bu gün Azərbaycanda gənclər müxtəlifdir. Onların əksəriyyəti keyfiyyətli təhsilə daha çox önəm verirlər. Artıq gənclərimiz dərk edir ki, bu günkü keyfiyyətli təhsil sabahkı uğuru təmin edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB