"İlham Əliyev peşəkar siyasətçi olduğundan, bu, onlar üçün tərs “sillə” idi"

"İlham Əliyev peşəkar siyasətçi olduğundan, bu, onlar üçün tərs “sillə” idi"

Politoloq Cümşüd Nuriyevin SİA-ya müsahibəsi:

- Prezident İlham Əliyevin Brüsselə səfəri və orada NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşündə bir sıra vacib məqamlara toxunuldu. Ümumiyyətlə, Azərbaycanla NATO-nun bundan sonrakı əlaqələrini necə şərh edərdiniz?

- Ölkə başçısının Brüsselə səfəri onun növbəti benefislərindən biri idi. Prezident Avropanın paytaxtı Brüsseldə Azərbaycanda siyasi məhbusların olmaması ilə bağlı çox ciddi bəyanat verdi. Çünki bu məsələ ilə bağlı həddindən artıq dolaşıq fikirlər səsləndirildi ki, guya ölkəmizdə "hüquq medafiəçiləri" adı altında bir qrup alverçi var və həmin şəxslər ayrı-ayrı canilərdən pul alıb onları siyasi məhbus kimi qələmə verirlər ki, başqa dövlətlərdə siyasi sığınacaq ala bilsinlər. Onlar bu sahədə gözəl biznes qurmuşdular. Prezident İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşündə siyasi məhbus anlayışı ilə bağlı səsləndirdiyi fikirlərlə bütün deyilənləri alt-üst etmiş oldu. Bir faktı qeyd edim ki, ABŞ-da 700, İngiltərədə isə 300-dən çox siyasi məhbus var. Onlardan heç birinin gündəmə çıxarılmadığı təqdirdə, Azərbaycanda ictimai əsayişi pozanların siyasi məhbus adlandırılması əsassızdır.

Digər tərəfdən Azərbaycanın Əfqanıstana 1 milyon avro ayırması ölkəmizin dünyada söz sahibi olmasından xəbər verir. Bununla yanaşı, Azərbaycan həmçinin bir donor dövlət kimi çıxış edir. Bildiyimiz kimi, Əfqanıstanda bizim müsəlman qardaşlarımız yaşayır. Bu addımla həm onlara kömək, həm də NATO-nun Əfqanıstanla bağlı daşıdığı yükün 40 %-i məhz Azərbaycan üzərindən həyata keçirilmiş olur. Görüşdə həmçinin Avropada Dağlıq Qarabağla bağlı ölkəmizin mövqeyi açıqlandı. İlham Əliyev peşəkar siyasətçi və diplomat olduğuna görə, bu, onlar üçün tərs "sillə" idi. Belə ki, həmin mesajda bildirilir ki, əgər Avropanın qurumu olan ATƏT öhdəsinə düşəni bacarmırsa, kənara çəkilib etiraf etsin ki, bu bizim bacaracağımız iş deyil. Bununla yanaşı, ölkə rəhbəri sətiraltı mənada vurğuladı ki, işğal olunan torpaqlarımızı tez bir zamanda azad etmək niyyətindəyik. Prezident İlham Əliyevin əsas strateji taktikası Azərbaycanın indiki dövrdə özünün yaratmış olduğu iqtisadi-siyasi durumundan ərazi bütövlüyümüz üçün istifadə etmək və ölkəmizin etdiyi yaxşılıqların əvəzini tələb etmək idi.

- Azərbaycan və Ermənistanın xarici işlər nazirləri gələn həftə Fransanın paytaxtı Parisdə görüşəcəklər. Görüşdə xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə danışıqları davam etdirəcəklər. Nazirlərin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər. Bu görüşdən nə kimi nailiyyətlər gözləmək olar?

- Görüşün əsas müzakirə mövzusu hər zaman olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsi olacaq. Azərbaycan çalışacaq ki, mövcud problem sülh yolu ilə həll olunsun. Təbii ki, problemlə bağlı çox gərgin mübarizə hökm sürür. Xüsusilə də bu, Qərblə Rusiya arasındakı gərginliyi artırıb. Nə qədər ki ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiyadır, deməli Dağlıq Qarabağ məsələsinin həlli inandırıcı olmayacaq. Əgər Nikolas Sarkozinin hakimiyyəti vaxtında Fransa Avropanın siyasi lokomativi idisə, indiki prezident Fransua Ollandın zamanında isə Avropanın iqtisadi və siyasi lokomotivi Almaniyanın əlinə keçdi. Ona görə də Almaniya Rusiya ilə ələqalərdə çox yaxın olduğundan Rusiya bir növ ABŞ-ı ATƏT-də zərərsizləşdirməyi bacardı. Fransa ATƏT-in tərkibində sadəcə boş bir yeri doldurmuş sayılır. Bütün bu səbəblərdən sonra XİN rəhbərlərinin görüşündən hansısa irəliləyiş gözləmək absurtdur.

- Suriyada vəziyyət gərginləşəndən sonra xeyli sayda Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif radikal qruplaşmaların tərkibində hökumət qüvvələrinə qarşı vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı həyatını itirib. Suriyada hazırda vəziyyət gərgin olaraq qalır və bu ölkədə heç bir diplomatik nümayəndəlik fəaliyyət göstərmir. Baş verənlərin qarşısını almaq üçün nə kimi addımlar atıla bilər?

- Azərbaycan öz təhlükəsizliyini lazımi səviyyədə təşkil edə bilir. Azərbaycanlıların Suriyaya gedib orada hökumət qüvvələrinə qarşı vuruşmaqlarına gəlincə, bu Qərbin Rusiyaya qarşı hazırladığı planın tərkib hissəsidir. Hazırda baş verənlər Azərbaycan Rusiya münasibətlərinin gərginləşdirməyə xidmət edən məsələdir. Təəssüf ki, Suriyaya gedən vətəndaşlarımız vətənə "daş" olmayıb, bizə "daş" atanlardır. Guya onlar Allah yolunda cihada gedirlər, əslində isə Azərbaycan əleyhinə vuruşurlar. Qərb Azərbaycanı nədəsə ittiham edə bilmir. Yeganə Azərbaycan Rusiya müstəvisində qarşıdurma yaratmaq üçün Türkiyədən istifadə edirlər. Bildiyimiz kimi, Türkiyədən Suriyaya getmək üçün heç bir viza rejimi tələb olunmur. Buna görə də azərbaycanlıların birbaşa Türkiyədən ora getməsində heç bir problem yaranmır. Təbii ki, Azərbaycanın təhlükəsizlik orqanları da mövcud prosesin qarşısını almaqda çox çətinlik çəkirlər. Çünki Suriyaya getmək üçün tək Türkiyədə olmaq kifayət deyil. Belə ki, Rusiya, Gürcüstan və digər ölkələrdən birbaşa Türkiyəyə gedib ordan da Suriyaya keçmək mümkündür. Ona görə məsələnin həll olunması çətinlik yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə