Elman Nəsirli: “Həmsədlərin yalnız kəmiyyət baxımından öyünməyə əsasları var” AÇIQLAMA

Elman Nəsirli: “Həmsədlərin yalnız kəmiyyət baxımından öyünməyə əsasları var” AÇIQLAMA

"2014-cü ilin yanvar ayının sonlarında ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri planlaşdırılır. Həmsədrlərin bu səfəri çərçivəsində əsas məqsəd Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək və prezidentlər səviyyəsində görüşün reallaşdırılmasına nail olmaqdır". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli ATƏT-in Minsk qrupunun həmsədrlərinin və təşkilatın fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi ilə bağlı məsələlərə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter bu fikirə gəliblər ki, bütövlükdə onların fəaliyyəti qənaətbəxşdir: "Yəni onlar hesab edirlər ki, artıq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edə bilirlər və prezidentlər səviyyəsində görüşə belə nail olublar. Bu insanlar xüsusi olaraq onunla fəxr edirlər ki, əgər ATƏT-in Minsk qrupunun fəaliyyəti olmasa idi, tezliklə müharibə baş verə bilərdi. Hesab edirəm ki, onlar bu cılız uğurlarını beynəlxalq ictimaiyyətə sırımaq istəyirlər. Əslində isə hər kəsə bəllidir ki, indiyədək keçirilən görüşlər, həmsədrlərin regiona səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini bir addım da olsa irəliyə aparmayıb. Onların yalnız kəmiyyət baxımından öyünməyə əsasları var, keyfiyyət baxımından isə bütün nəticələr sıfıra bərabərdir".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter Berndə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. Görüş zamanı ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib. D.Burkhalter onların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərindən məmnun qaldığını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə