Politoloq: “Münaqişənin həllində hərbi istiqamət diplomatik yolu üstələyir”

Politoloq: “Münaqişənin həllində hərbi istiqamət diplomatik yolu üstələyir”

"Azərbaycanın həyata keçirdiyi siyasətlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistanın tutduğu əsl mövqe məlum olacaq". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

M. Əhmədoğlu deyib ki, bu gün Azərbaycan siyasi iqtisadi və hərbi mövqelərini gücləndirir və bu işğalçı Ermənistana çox ciddi təsir göstərir: "Prezident İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında Azərbaycanın 2014-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində taktikasını açıqlayıb və müəyyən edilən taktika üzrə işlər həyata keçiriləcək. Hesab edirəm ki, bu addımlar atıldıqdan sonra Ermənistan rüsvay olacaq. Yəni işğalçı dövlət münaqişənin həllini yubatmağa dair başqa bəhanələr uydura bilməyəcək".

M. Əhmədoğlu deyib ki, Azərbaycan bütün parametrlər üzrə Ermənistandan dəfələrlə üstündür: "Ermənistanda 1.5, Azərbaycanda isə 10 milyon əhali yaşayır. Ermənistanın dövlət və qeyri-dövlət borcu 7.5 milyard dollardır. Bu isə dövlət büdccəsindən 3 dəfə çoxdur. Azərbaycanın qızıl valyuta ehtiyyatı isə 50 milyard dollardır. Azərbaycan ən müasir silahlara malik kosmik dövlətdir. Ermənistan ordusu isə azı 15 il bundan qabaq alınan silahlarla təchiz edilib. Ermənistanda olan yeni silahlar isə Rusiyayanın hərbi bazalarındadır. Onlardan istifadə etməyə isə Rusiya icazə verməlidir. Hesab edirəm ki, Ermənistan hərbi faktor kimi regiondan silinib".

Politoloq vurğulayıb ki, Azərbaycan 2013-cü ildə münaqişənin hərb yolu ilə həll edilməsi üçün gücünü maksimuma çatdırırb: "Keçən müddət ərzində münaqişənin həll edilməsi üçün Azərbaycan yalnız silahlanmayıb, eyni zamanda Ermənistana müəyyən təkliflər verib. Azərbaycan bəyan edib ki, Ermənistana ucuz qiymətə qaz verə və regional iqtisadi layihələrə qoşa bilər. Azərbaycan da istəyir ki, Ermənistan normal dövlət olsun. Hesab edirəm ki, Azərbaycan bu niyyəti ilə Ermənistana seçim etmək üçün şans verib. Ermənistan ya torpaqlarımızı qaytarır və Azərbaycanla əməkdaşlıq edir, ya da müharibəyə hazırlaşmalıdır. Azərbaycan isə hər iki varianta hazırdır. Hesab edirəm ki, 2014-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində bu iki istiqamət vacib rol oynayacaq".

M. Əhmədoğlu onu da qeyd edib ki, bu ilin əvvəlindən münaqişənin həlli üçün Azərbaycanın apardığı siyasətdə hərbi istiqamət diplomatik yolu üstələyir: "İlin əvvəlində Azərbaycanın müdafiə naziri Naxçıvana gedərək orada yerləşən hərbi hissələri inspeksiya etdi. Az sonra Gəncəyə səfər etdi. Nazir müavini isə qoşunların təmas xəttində oldu. Bundan başqa Türkiyədən bir qrup hərbiçi Bakıda oldu. Bütün bunlar 2014-cü ilin əvvəlində baş verdi. Ermənilərin özləri də etiraf edir ki, ilin əvvəlində Azərbaycanda hərbi intensivlik artıb. Həm Azərbaycanın hərbi qüdrətinin maksimuma çatması, həm də Ermənistana iqtisadi təkliflər verməsi və ilin əvvəlindən başlayan hərbi aktivlik 2014-cü ildə qələbəyə doğru atılan prespektivləri müəyyən edir".

Bütün xəbərlər Facebook səhifəmizdə