"20 Yanvar faciəsinin əsas günahkarları məlumdur. Bu siyasi oyun idi və Mixail Qarbaçov tərəfindən meydana atılmışdı". Bu sözləri SİA-ya Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov 20 Yanvar faciəsinin qaranlıq məqamları ilə bağlı danışarkən deyib.
Bu kimi hadisələrin SSRİ-nin tərkibinə daxil olan digər ölkələrdə də baş verdiyini deyən T.Novruzov vurğulayıb ki, 20 Yanvar faciəsi bütün aspektlər baxımından baş verən digər hadisələrdən fərqlənirdi: "Qanlı Yanvar hadisəsi zamanı Azərbaycan xalqı özünün müdafiəsinə qalxmışdı. Lakin rus- daşnak birləşmələri özünümüdafiəyə qalxan dinc əhaliyə amansızcasına divan tutdular. Hadisənin ssenarisinin Mixayıl Qarbaçov tərəfindən hazırlandığı heç kəs üçün sirr deyil. O zaman Azərbaycan Ali Sovetində Moskvanın ümumi siyasətinə "zidd" olan qərarlar qəbul olundu. Məhz, bu səbəbdən də Qarbaçov qisas almaq məqsədi ilə belə bir ssenarini reallaşdırdı".
Açıqlaması zamanı 20 Yanvar faciəsinin digər məqamlarına toxunan T.Novruzov vurğulayıb ki, o dönəm Moskva Azərbaycanda belə bir faciə törətmək üçün ölkədə mövcud olan daxili qüvvələrdən məharətlə istifadə edib: "Həmin dövrdə Azərbaycanın daxilində olan bəzi qüvvələr bilərəkdən və ya bilməyərəkdən onlara xidmət etmiş oldular. O zaman Xalq Cəbhəsinin daxilində iki qrup yaranmışdı ki, onlardan birinə Yusif Səmədoğlu ilə İsa Qəmbər, digərinə isə Nemət Pənahlı, Etibar Məmmədov və Rəhim Qazıyev rəhbərlik edirdi. O zaman sözügedən qruplar arasında çox böyük ziddiyyətlər var idi. Buna isə Moskva laqeyd yanaşmadı. Fürsətdən istifadə edən Moskva bitərəf "Müdafiə Komitəsi" yaratmaqla Azərbaycanda dövlətə qarşı silahlı hücum təşkil etdi. Moskva həmçinin ermənilərdən istifadə edərək müxtəlif qarşıdurmalar yaratmağa da çalışırdı".
Birlik sədri həmçinin 20 Yanvar faciəsinin araşdırılması ilə bağlı təklif də irəli sürüb: "Təklif edirəm ki, 1988-ci ildə Aqanbekyanın məlum bəyanatından sonra Azərbaycanda və Dağlıq Qarabağda baş verən hadisələri köklü şəkildə araşdırmaq üçün güclü istintaq qrupu təşkil olunmalı və yekun qlobal qərar əldə edilməlidir. Hesab edirəm ki, hadisələrin hamısı bir-biri ilə zəncirvarı bağlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB