Fərhad Məmmədov: “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həllini tapacaq” MÜSAHİBƏ
Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun SƏS TV-yə müsahibəsi:
- Fərhad müəllim, Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzeti Azərbaycan Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan edib. Sizcə, bunu şərtləndirən amillər hansılardır?
- 2013-cü il Azərbaycan dövlətinin tarixində çox önəmli illərdən biri olub. Bu il ölkəmizdə növbəti prezident seçkiləri keçirildi və cənab Prezident İlham Əliyev yenidən Azərbaycan dövlətinin rəhbəri seçildi. Təbii ki, biz bu seçkilər vasitəsilə Azərbaycanın siyasi sisteminin dayanıqlığını və möhkəm təməllərə əsaslanmasının bir daha şahidi olduq. Digər tərəfdən dövlətimizin tək bölgədə deyil eləcə də beynəlxalq arenada daha fəal olmasını müşahidə etdik. Bu ilk növbədə Azərbaycanın coğrafi baxımından Avropa məkanının enerji sahəsində və inteqrasiya istiqamətində atılan addımlarda özünü göstərdi. Bununla belə 2013-cü il, Cənubi Qafqaz regionunun gələcək inkişaf prespektivini müəyyən edən layihələrə start verilməsi, Avropanın cənubunda həyata keçirilən TANAP və TAP layihələri, Balkan ölkələrinə olan sərmayələr, Albaniya kimi ölkənin qazpaylayıcı sisteminin formalaşması baxımından mühüm il oldu. Digər tərəfdən Azərbaycan böyük İslam dünyasının bir parçasıdır. Təbii ki, bu istiqamətdə çox böyük işlər görülür. Ölkəmizin üzərinə düşən ən böyük vəzifə İslam arealı ilə Avropa arasında mədəniyyətlərin dialoqu məkanının formalaşdırılması idi ki, bötən il Azərbaycanda cənab Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə iki böyük – Mədəniyyətlərarası və Bakı Hümanitar Forumu həyata keçirilib. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa Birliyindəki təmsilçisi də məhz Azərbaycan diplomatı olub. Yəni bu istiqamətlərdə Azərbaycanın xarici siyasətində böyük uğurlar və nailiyyətlə müşahidə olunub. Digər tərəfdən 2013-cü ildə ölkəmizin iqtisadi inkişafı, iqtisadiyyatın divertifikasiyası, qeyri-neft sektoru və sosial inkişaf özünü büruzə verdi. Beləcə bu, konkret göstəricilərlə təsdiqləndi.
"Pakistan Observer" qəzetinin Azərbaycan Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan etməsi məsələsinə gəlincə deyə bilərəm ki, bu kimi mətbu orqanlar, qurumlar qərar qəbul edərkən və bəyanatlar verərkən müəyyən fərqli əsasları olur. İlk növbədə, dünyada böhranın davam etdiyi bir vaxtda iqtisadi inkişafa nail olmaq çox nadir ölkələrdə olur. Təbii ki, bu ölkələrdən biri də Azərbaycan dövlətidir. Digər tərəfdən Pakistan, Türkiyə, Böyük Britaniyanın Kütləvi İnformasiya Vasitələrinin (KİV) Azərbaycana verdiyi önəm və diqqət də ölkəmizin həmin dövlətlərdə olan fəaliyyətinin təzahürüdür. Pakistanla Azərbaycan dövləti arasında çox sıx, qarşılıqlı münasibətlər mövcuddur. Pakistan Azərbaycanın müstəqilliyini, Ermənistanı Türkiyədən sonra işğalçı ölkə kimi tanıyan və onunla heç bir diplomatik münasibətləri olmayan ikinci dövlətdir. Eyni zamanda Pakistanda da Azərbaycan dövlətinin fəaliyyəti genişmiqyaslıdır. Təbii ki, Heydər Əliyev Fondunun fəaliyyəti, Pakistan uşaqlarına, qızlar üçün açılan məktəblər, həyata keçirilən tədbirlər, xeyriyyə aksiyaları da Azərbaycanın Pakistanda böyük hörmət sahibi olmasına şərait yaradır.
- 2014-cü ilin yanvar ayında Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən görüşəcəklər. Sizcə, bu görüşdə hansısa irəliləyişə nail olmaq mümkündürmü?
- Azərbaycanda son dövrlərdə beynəlxalq hüququn bir böhranı yaşanıb. Ölkəmiz BMT TŞ-nın qeyri-daimi üzvü kimi bu böhranın içərisində yer tapdı. Çünki Suriya böhranı dönəmində BMT TŞ qətnamələrinin vacibliyi önə çəkildi ki, dünyada hər hansısa bir qurum olmalıdır. Beləcə, həmin qurumda dünyada sülhü, təhlükəsizliyi təmin etsin. Təbii ki, bu istiqamətdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri eyni zamanda BMT TŞ-nın daimi üzvləridir. Onlarda Suriya böhranı dönəmində məhz bu strukturun qətnamələrinin həyata keçirilməsi istiqamətində fəaliyyət həyata keçirirdilər. Məsələn, qətnamə olmadığı üçün də Suriyaya qarşı hərbi müdaxilə baş vermədi. Yəni hər üç dövlət anlamalıdır ki, əgər yer kürəsinin bir hissəsində BMT TŞ-nın qətnamələri həyata keçirilmirsə, bu, yer kürəsinin digər bir hissəsində yenə ədalətsizliklərin, işğalın baş verməsinə təkan verəcək. Bu qətnamələrin həyata keçirilməsinin vacibliyi də artıq aktual məsələ kimi beynəlxalq müzakirədə yer alıb. Yəni bütün bu yaranan şəraiti və regionda gedən prosesləri nəzərə alaraq belə fikir irəli sürə bilərik ki, Azərbaycanın mövqeyi daha çox dəstək alacaq. Ölkəmizin inkişafı, gələcək prepektivi olan layihələr və qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı mənfəət olan münasibətlər sonda bu münaqişənin tarixi ədalət və beynəlxalq hüquq çərçivəsində həllinə gətirib çıxaracaq.
- Bu il həmçinin Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Tehranda görüşünün keçirilməsi planlaşdırılır. Necə düşünürsünüz, bu görüşdə Azərbaycan tərəfi hansı məsələləri gündəmə gətirəcək?
- Ümumiyyətlə, Azərbaycan dövləti öz xarici siyasətində ikitərəfli münasibətlərə üstünlük verir. Ölkəmiz hansısa qlobal, geo-siyasi və geo-iqtisadi layihələrə qoşulmamaq haqqında əsas fəaliyyətini məhz bu istiqamətdə qurub. Təbii ki, bu üçtərəfli formatda bölgədə gedən proseslər və ölkələrdən asılı olaraq dəyişir. Məsələn, əvvəllər Azərbaycan-Türkiyə-Gürcüstan dövlətləri formatında xarici işlər nazirlərinin görüşü olub. Biz bu istiqamətdə ortaq məsələlərimizi müzakirə edə bilərik. Bu görüşlərdə Naxçıvan MR-nın sərhədyanı məsələləri, ümumiyyətlə bölgədə və "Böyük Yaxın Şərq" adlanan şərti bölgədə gedən proseslər, Azərbaycanın dünyada artan rolu və dünyada gedən proseslərə münasibətinin formalaşdırılması və s. məsələlər müzakirə oluna bilər. Məlumdur ki, burada ölkəmizin ən yaxın müttəffiqi məhzTürkiyə dövlətidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB