Vüqar Rəhimzadə: "Ölkə Prezidentinin ən yüksək mükafatlara layiq görülməsi uğurlu fəaliyyətinə, gördüyü işlərə əsaslanır" MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin SİA-ya müsahibəsi:
- Vüqar müəllim, geniş oxucu kütləsinə malik nüfuzlu "VİOAS" jurnalı Prezident İlham Əliyevi dünyada "İlin adamı" elan edib. Sizin bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Aydın məsələdir ki, ölkə Prezidentinin ən yüksək mükafatlara, adlara layiq görülməsi onun uğurlu fəaliyyətinə, gördüyü işlərə əsaslanır. Möhtərəm Prezidentimiz İlham Əliyevin son on ildə ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirərək gördüyü işlər, həyata keçirdiyi tədbirlər yalnız və yalnız bir məqsədə xidmət edir- Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirmək, əhalinin sosial müdafiəsini gücləndirmək, iqtisadi tərəqqi fonunda ölkədə demokratikləşmə prosesini sürətləndirmək. Bu üç amil ümumilikdə xalq-Prezident birliyinə öz əhəmiyyətli təsirini göstərir. Bunun bariz nümunəsi də bu ilin oktyabrında ölkəmizdə keçirilən prezident seçkiləridir. Ölkə əhalisi seçki prosesində fəal iştirakı, Möhtərəm İlham Əliyevə dəstəyi ilə həyata keçirilən siyasətin gələcəyinə inamını ortaya qoydu.
Prezident İlham Əliyevin son on ildə hər bir vədini konkret əməli işi ilə təsdiqləməsi, həyata keçirdiyi siyasətin alternativsizliyi dünyanın tanınmış siyasətçilərinin, politoloqlarının, nüfuzlu araşdırma mərkəzlərinin açıqlamalarında da xüsusi qeyd edilir, ən yüksək mükafatlara layiq görülür. Ümumi fikir budur ki, ölkəsini inkişafa, tərəqqiyə aparan liderə xalqın sevgisi şəksizdir.
- Türkiyənin İstanbul şəhərində Prezident İlham Əliyevə həsr olunmuş "Bir Prezidentin portreti" kitabının təqdimat mərasimi keçirildi…
- Möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyətinə həsr olunan xeyli sayda kitablar nəşr olunub. Təbii ki, hər bir nəşr fəaliyyətə müxtəlif yanaşma olsa da, ümumi rəy budur ki, son on il Azərbaycan tarixinə cənab İlham Əliyevin rəhbərliyi sayəsində tərəqqi dövrü kimi yazılıb. Türkiyədə keçirilən təqdimat məhz Prezident İlham Əliyevin fəaliyyətinə xaricdən bir baxışdır. Dost, qardaş, bir millət iki dövlət olan Azərbaycan-Türkiyə birliyi regionda sülhün, təhlükəsizliyin təminatıdır. İki qardaş ölkənin siyasi iradəsi və qətiyyəti sayəsində gerçəkləşən layihələr nəinki iştirakçı, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına zəmin yaradır. Son imzalanma mərasimi- "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması bir daha ölkəmizin beynəlxalq aləmdə nüfuzunun, artan çəkisinin nümayişi oldu. Bu uğurlar, eyni zamanda dövlət başçısı İlham Əliyevin fəaliyyəti ilə bağlı olduğu üçün onun portretini yaratmağı zərurətə çevirən əsas amil məhz inkişafın Azərbaycan modelinin mövcudluğudur. Çünki bu modelin əsasını yaradan ulu öndər Heydər Əliyev, onu daha da zənginləşdirən, müasir dövrün tələblərinə uyğunlaşdıran isə bu siyasi məktəbin layiqli davamçısı İlham Əliyevdir. "Bir Prezidentin portret" kitabı "dövlət başçısı necə olmalıdır" sualına cavab axtaranlar üçün zəngin mənbədir.
-Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü kimi, partiyanın bu il ərzindəki fəaliyyəti ilə bağlı nələri söyləmək olar?
- Təbii ki, yaşanan hər gün, hər il bir hesabat xarakteri daşıyır. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası yarandığı gündən uğurlar partiyası kimi tarixə düşüb. Bu il partiyanın həyatında çox əlamətdar oldu. Cari ilin oktyabrında keçirilən prezident seçkiləri bir daha Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzunu təsdiqlədi. Partiyanın, ümumilikdə Azərbaycan xalqının mütləq əksəriyyətinin namizədi olan Möhtərəm İlham Əliyevin seçkilərdə qətiyyətli qələbəsi xalqın öz Prezidentinə, Yeni Azərbaycan Partiyasına sonsuz inamını nümayiş etdirdi. Azərbaycanın uğurlarında böyük rola malik olan Yeni Azərbaycan Partiyası seçkilərə "İlhamla irəli" şüarı ilə qatılmaqla bir daha xalqın gələcəklə bağlı ümidlərini açıqladı. Bu möhtəşəm qələbə Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdı, yeni-yeni hədəflərə çatmağa ruhlandırdı.
Yeni Azərbaycan Partiyasının bir ildə gördüyü işlərə, əldə olunan uğurlara qısaca nəzər salmaq qeyri-mümkündür. Çünki arxada qalan hər gün dövlət başçısı İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində mühüm, yadda qalan hadisə ilə zəngindirsə, bu nailiyyətdə Möhtərəm İlham Əliyevin sədr olduğu Yeni Azərbaycan Partiyasının da öz rolu var. Partiya hər zaman dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edərək, Azərbaycanın çiçəklənməsinə, müasirləşməsinə öz töhfəsini verməyə səy göstərib və bu məqsədə yüksək səviyyədə nail olub. Beynəlxalq əlaqələri fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən YAP-ın təşkilatçılığı ilə Asiya Siyasi Partiyaları Baş Assambleyasının Qadınlar və Gənclər Qolunun iclaslarının ölkəmizdə keçirilməsi də bunun bariz nümunəsidir.
Partiya hər sahədə uğurları ilə diqqətdə olub. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin partiyanın V qurultayında söylədiyi "Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır. Ölkəmizdə siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti vardır" fikirləri partiyanın fəaliyyətinə verilən dəyərdir. Düzgün seçilən yol uğurların davamlılığını şərtləndirən əsas amildir.
Gələcək illərlə bağlı partiyanın qarşıya qoyduğu məqsədlərə gəldikdə isə, bildiyiniz kimi Yeni Azərbaycan Partiyasının tarixi müasir Azərbaycanın tarixi kimi dəyərləndirilir, demək, dövlət başçısı möhtərəm İlham Əliyevin ötən illərin uğurları əsasında qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflər, eyni zamanda partiyanın hədəfləridir. Qarşıdakı illər üçün əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. 600 mindən artıq üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası bu məqsədə çatmaq üçün bütün imkanlarını səfərbər edir.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB