Azərbaycanda hakimlərin maaşı qaldırılır. SİA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər müzakirə edilib. Dəyişikliyə əsasən, hazırda 1785 manat maaş alan Ali Məhkəmənin sədri dəyişiklikdən sonra 2070 manat maaş alacaq. Bununla digər hakimlərin də maaşı artmış olacaq. Belə ki, "Məhkəmələr və hakimlər haqqında" qanuna əsasən,
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində;
Ağır cinayətlər məhkəməsi, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə , Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmənin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;
ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;
bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;
Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;
bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.
Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir.
Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.
İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir.
Qeyd edək ki, dəyişiklik 1 dekabr 2013-cü ildən tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB