Zahid Qaralov: "2014-cü il həm Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, həm də ölkəmizin sosial-iqtisadi inkişafı aspektindən Azərbaycan üçün uğurlu il olacaq" MÜSAHİBƏ

Zahid Qaralov: "2014-cü il həm Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, həm də ölkəmizin sosial-iqtisadi inkişafı aspektindən Azərbaycan üçün uğurlu il olacaq" MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralovun SƏS TV-yə müsahibəsi:

- Zahid müəllim, 2013-cü il yekunlaşmaq üzrədir. Son 10 ildə mövcud olan iqtisadi, siyasi və diplomatik inkişaf tempini necə qiymətləndirirsiniz?

- Öncə xüsusi ilə qeyd etmək istərdim ki, bu il bizim üçün olduqca uğurlu və faydalı il oldu. Vətənimizin inkişaf prosesi ildən-ilə sürətlənərək, daha da mükəmməlləşməyə doğru gedir. Bu özünü 2013-cü ildə daha da qabarıq şəkildə büruzə verdi. Əhalinin sosial- iqtisadi vəziyyətinin yaxşılaşması ölkədə inkişaf tempinin yüksək olmasını göstərən amillərdəndir. Bu kimi yüksək nəticənin əldə olunmasına səbəb isə hərtərəfli geniş imkanlardan istifadə olunmasıdır. Biz bu gün Azərbaycanın dünyaya inteqrasiya olmasının və beynəlxalq aləmdə aktivlik nümayiş etməsinin canlı şahidiyik. Azərbaycanın beynəlxalq aləmdə mövqeyi digər müstəqillik əldə etmiş bir sıra dövlətlərdən daha səlis və uğurludur.

Vətənimizin bu gün beynəlxalq arenada bu kimi yüksək mövqeyə malik olmasına səbəb Ulu öndər Heydər Əliyevin ölkəmizin rifahı naminə göstərdiyi misilsiz xidmətdir. Ümummilli lider hər zaman Azərbaycanın təkcə bir sahədə inkişafına deyil, eyni zamanda çoxşaxəli yüksəlişinə çalışıb. Məhz, bu səbəbdən də bu gün Azərbaycan beynəlxalq aləmdə iqtisadi, siyasi, mədəni, aqrar və digər sahələrdə öz sözünü deyir.

Çox sevindirici haldır ki, bu gün dövlətimizə, məhz dahi şəxsiyyət Heydər Əliyevin siyasi irsinin davamçısı Prezident İlham Əliyev rəhbərlik edir. O, Azərbaycan xalqının rifahı naminə hər zaman əzmlə işləyir. Ölkə rəhbəri İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində xalqın etimadını yüksək şəkildə doğruldub. Məhz, xalqın ona olan böyük ehtiramının və məhəbbətinin nəticəsində builki prezident seçkilərinin də qalibi olub. Dövlət başçısı cəmiyyətin tarixinin hansı istiqamətdə inkişaf etməli olduğunu düzgün şəkildə dərk etdiyinə görə, bu gün biz əldə olunan yüksək səviyyəli nailiyyətlərin canlı şahidiyik. Bildiyiniz kimi, dünyada bir neçə dominant dövlət var. Onlar hər zaman kiçik dövlətləri öz təsiri altında saxlama siyasəti yürüdürlər. Lakin göründüyü kimi, beynəlxalq aləmdə bu kimi siyasətin mövcudluğuna baxmayaraq, dövlətimiz dünya tribunasında öz sözünü deməyi bacarır. Prezident İlham Əliyev Azərbaycan Respublikasının müstəqil ideyalarını hər şeydən öndə tutur. O, bizi beynəlxalq aləmdə mövcud olan mənəvi işğaldan qoruyur.

Mən şəxsi müşahidəmə əsaslanaraq demək istəyirəm ki, heç bir dövlət başçısı və ya lider özü özlüyündə meydana gəlmir. Belə bacarıqlı insanlar ilk növbədə xalq içərisində mütəşəkkilliyin yaradılmasına çalışırlar. Bu cəhətdən xalqı aparıcı qüvvə hesab etmək olar. Tarixdən də müşahidə etdiyimiz kimi bütün qələbələr xalqla bağlıdır. Müasir dövrdə eyni əqidəyə və məsləyə xidmət edən insanların birləşdiyi amilə partiya deyirlər. Hər hansısa partiya özünün liderini insanlara düzgün şəkildə təqdim edə bilsə, həmin şəxsi xalq sevsə və ona etimad göstərsə, deməli qələbədən danışmaq olar. Çünki gördüyünüz kimi prezident seçkilərində də hər şeydən önəmli xalqın səsidir. Yəni, istənilən birinin dövlət başçısı olmaq istəyi onun xalqla münasibətindən asılıdır. Bu fikrə əsaslanıb deyə bilərəm ki, Azərbaycan xalqı həqiqətən Prezident İlham Əliyevi sevir, ona etimad göstərir. Məhz bu etimadın nəticəsi olaraq, bu il keçirilən prezident seçkilərinin qalibi yenidən İlham Əliyev oldu. Həqiqətən də Azərbaycanda dövlət başçısı ilə xalq birlikdə çalışaraq vətənin rifahı üçün eyni mövqeyə xidmət edir.

- 2013- cü ilin sizin də qeyd etdiyiniz kimi, uğurlu il olduğunu nəzərə alaraq, demək olarmı ki, 2014-cü il də Azərbaycan üçün uğurlu olacaq və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yeniliklər müşahidə olunacaq?

- Bildiyiniz kimi, Dağlıq Qarabağ məsələsi barədə çox sayda fikirlər səslənməsinə baxmayaraq, mən deyərdim ki, bu problemin həlli istiqamətində beynəlxalq təşkilatların mövqeyi aparıcıdır. Belə ki, bir neçə beynəlxalq sənədlərdə də qeyd olunub ki, Dağlıq Qarabağ işğal olunub və Azərbaycan işğala məruz qalan bir dövlətdir. Yəni, Azərbaycanın işğalını beynəlxalq aləm də qəbul edib. Bu hamıya yaxşı məlumdur ki, bu illər ərzində işğal etdiyi əraziləri əldə saxlamağa Ermənistanın gücü çatmaz. Bu torpaqların işğal altında indiyə qədər qalmasına şərait yaradan sözsüz ki, Rusiyadır. Bu faktı dəfələrlə təsdiqləyərək, Rusiyanın özü də bəyan edib ki, Dağlıq Qarabağın "açarı" onlardadır. Bu mənada bildirmək istəyirəm ki, Qafqaz yeni bir təhlükə qarşısındadır. Dövlət başçısı İlham Əliyevin bu günə qədər Rusiya ilə apardığı diplomatik münasibət, məhz Dağlıq Qarabağ probleminin həllinə yönəlib. Cənab Prezident özü də dəfələrlə qeyd edib ki, bu münaqişənin həlli sülh yolu ilə olmasa, biz müharibə yolu ilə öz torpaqlarımızı mütləq şəkildə qaytarmaq iqtidarındayıq. Çünki, bizim Ermənistandan dəfələrlə güclü ordumuz var. Azərbaycan ordusu ən müasir silah növləri və texnika ilə təchiz olunub.

Bir sözlə, düşünürəm ki, 2014-cü il həm Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, həm də ölkəmizin sosial-iqtisadi inkişafı aspektindən Azərbaycan üçün uğurlu il olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə