Politoloq: “Bako Saakyan Ermənistanın siyasi rəhbərliyi tərəfindən təhkim olunmuş qanunsuz nümayəndədir”

"Bu, Ermənistanla Dağlıq Qarabağ separatçıların razılaşdırılmış oyunudur və əslində, bilavasitə Ermənistanın mövqeyidir". Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli ATƏT həmsədrlərinin qondarma "DQR"də keçirdikləri görüşdə separatçıların lideri Bako Saakyanın danışıqlarda iştirak etmək tələbinə münasibətini açıqlayarkən bildirib.

O, separatçı liderin heç bir funksiyaya malik olmadığını da qeyd edib: "Bako Saakyan funksiyası olmayan bir şəxsdir. Yəni, Ermənistanın siyasi rəhbərliyi tərəfindən təhkim olunmuş qanunsuz nümayəndədir. Ona görə də, onun hər hansı bir iddia irəli sürməsi gülüş doğurur. Çünki qondarma "Dağlıq Qarabağ Respublikası" münaqişənin həllində iştirak edə bilməz. Elə Ermənistanın da tərəf kimi mövcud olması şübhəli məsələdir. Çünki, Ermənistan özü müstəqil siyasət yürüdə bilmir".

Ümumiyyətlə, Ermənistanın faktiki olaraq bütün siyasətini Rusiya ilə uyğunlaşdırdığını və Moskva tərəfindən idarə olunduğunu vurğulayan Elçin Mirzəbəyli bu ölkənin forpost rolu oynadığını da dedi: "Forpost olan bir dövlətin işğalı altında olan torpaqlarda separatçı rejim bu gün hansı iddia və tələblə çıxış edə bilər? Ona görə də, bu iddiaların heç bir əsası yoxdur. Bu prosesdə də separatçı rejimin konkret olaraq tərəf kimi iştirak etməsi mümkün deyil".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...