Fransa mətbuatında “Azərbaycan-tolerantlıq məkanı” sərgisindən bəhs olunub

Noyabrın 22-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində soydaşımız, tanınmış fotoqraf Reza Deqatinin ölkəmizdə tolerantlıqdan bəhs edən "Azərbaycan – tolerantlıq məkanı" fotosərgisi yerli mətbuatda böyük əks-səda doğurub. Sərginin açılışından xeyli müddət keçməsinə baxmayaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi möhtəşəm tədbir barədə yazılar mətbuat səhifələrində yer almaqdadır.

Parisdə nəşr olunan "Grands reportages" jurnalında dərc edilən "Reza-Tolerantlığa ehtiram" sərlövhəli məqalədə sərgi barədə ətraflı məlumat verilib.

Məqalənin əvvəlində Rezanın Azərbaycan Mədəniyyət Mərkəzində açılan "Azərbaycan – tolerantlıq məkanı" adlı sərgisində nümayiş etdirilən fotolarda ölkəmizdə mədəni müxtəlifliyin mövcudluğunun qabarıq şəkildə iştirakçılara çatdırıldığı, fransız ictimaiyyətinin böyük marağına səbəb olduğu vurğulanır.

Məqalədə Rezanın Mədəniyyət Mərkəzində nümayiş etdirilən sərgi üçün Azərbaycanı seçməsinin heç də təsadüfü olmadığı, çox yaxşı tanıdığı ölkəyə dəfələrlə səfər etdiyi, müxtəlif dinə etiqad göstərən xalqların - xristianların, müsəlmanların, yəhudilərin Azərbaycanda qarşılıqlı hörmət və dostluq şəraitində yaşamalarının Rezanın diqqətini cəlb etdiyi və onda bu tolerantlıqdan bəhs edən fotosərgi təşkil etmək ideyasının yarandığı diqqətə çatdırılır.

Yazıda deyilir ki, müxtəlif dillərə və dinlərə baxmayaraq bu ölkədə hamı bir-birinə hörmətlə yanaşır və inam bəsləyir. Azərbaycanda yaşayan xalqlar Ramazanı müsəlmanlarla, Pasxanı xristianlarla və Pessahı yəhudilərlə birlikdə bayram etdikləri bildirilir, Yəhudilərin sıx yaşadıqları Quba rayonundakı Qırmızı qəsəbədə onlar üçün yaradılan yüksək şəraitin Azərbaycanda tolerantlığın bariz nümunəsi olduğu diqqətə çatdırılır.

Məqalədə "Azərbaycan - tolerantlıq məkanı" sərgisinin ilk dəfə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının binasında, daha sonra Brüsseldə Avropa Parlamentinin mənzil-iqamətgahında və UNESCO-da nümayiş etdirildiyi barədə məlumat verilir.

Sərginin ilin sonunadək açıq olacağı, gələn ildən etibarən isə başqa yerlərdə nümayiş etdiriləcəyi bildirilir.

Məqalə ilə yanaşı, sərgidə nümayiş etdirilən bir neçə foto da dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...