"Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm” İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2008-2013-cü illər) kitabının təqdimatı keçirilib YENİLƏNİB

"Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm” İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2008-2013-cü illər) kitabının təqdimatı keçirilib YENİLƏNİB

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev institutunda "Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm" İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2008-2013-cü illər) adlı dörd cildlik kitabın yeni nəşr olunmuş 3-cü və 4-cü cildlərinin təqdimatına həsr olunmuş tədbir keçirilir. SİA-nın məlumatına görə, mərasimdə DİA-nın rektoru Urxan Ələkbərov, Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin Sədr müavini Bahar Muradova, Milli Məclisin üzvləri, ziyalılar və politoloqlar iştirak edib.

DİA-nın rektoru Urxan Ələkbər mərasimi giriş nitqi ilə açaraq deyib ki, kitabda Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin son beş illik dövrünün xronikası: rəsmi qəbul, xarici və regional səfərlərinin icmalı və təhlili, habelə müxtəlif beynəlxalq qurumların nümayəndələri ilə çoxsaylı görüşləri və onların məzmunu, müxtəlif məruzə, nitq, çıxış və müsahibələri geniş və ətraflı şəkildə öz əksini tapıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Təhsil Nazirliyi tərəfindın dərs vəsaiti kimi tövsiyyə olunmuş kitabın elmi redaktoru, PA-nın rəhbəri Ramiz Mehdiyev, rəyçisi tarix elmləri doktoru, professor Əli Həsənov, tərtibçiləri akademik Urxan Ələkbərov, siyasi elmlər doktoru Elman Nəsirov, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovdur.

Daha sonra PA-nın Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çıxış edərək kitabla bağlı dəyərli fikirlərini bölüşüb. Vuğulanıb ki, İlham Əliyev hər bir çıxışında və əməlində Ümummilli lider Heydər Əliyevin varisi olmasını nümayiş etdirir: "Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır və uğurla inkişaf edir. Dahi şəxsiyətin ən müdrik addımlarından biri "Əsrin Müqaviləsi" layihəsinin mzalanması idi. Bu Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi və bunun iqtisadi baxımdan da nə qədər uğurlu olduğunu biz ötən gün Bakıda "Şahdəniz-2" layihəsi çərçivəsində imzalanan müqavilə əsasında şahidi olduq. Dünənki kontrakt onu göstərdi ki, Azərbaycan nəinki özünü işıqla təmin etdi, eyni zamanda bu işıqdan başqalarına da verməyə qadir olduğunu göstərdi".

PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə diqqətə çatdırıb ki, Azərbaycan mədəniyyəti, adət-ənənələri, azərbaycançılığı xarakterizə edən dəyərlər, onların sistemləşdirilib bizim idarəçiliyin əsasında dayanması, sonrakı innovatorluq, dinamizm sözün həqiqi mənasında Ümummilli Heydər Əliyevin idarəçilik təlimini xarakterizə edən əsas əlamətlərdən biri idi: "Bu gün hamı üçün bəllidir ki, Ulu Öndər Azərbaycana təkcə bu günkü müstəqil dövlətimizi deyil, eyni zamanda onun idarəçilik təlimini də ərmağan edib. Biz bu gün o idarəçilik təlimindən bəhərələnərək Azərbaycanın inkişafının ayrı-ayrı istiqamətlərini tədqiq edirik və Azərbaycan dövlət idarəçilik təlimindən istifadə edərək dövlətimizi idarə edirik: "Bununla da biz Azərbaycan xalqının firəvan, dinc, təhlükəsiz və dinamik həyatını təmin edirik. Odur ki, sözün həqiqi mənasında bu təlimin səlnaməsinin yaradılması, onun təhlil olunması, ayrı-ayrı xarakterik xüsusiyyətlərinin ümumiləşdirilməsi və geniş oxucu kütləsinə çatdırılması, o cümlədən Azərbaycanı tədqiq edən, ölkəmizlə maraqlanan xarici auditoriyalara çatdırılması bu gün üçün çox aktuallıq kəsb edir. Heydər Əliyevin dövlət idarəçilik təlimində bir neçə prinsipi var idi. Birincisi, Ulu öndərin varislik təliminin bu günkü dövlət idarəçiliyində Prezident İlham Əliyev tərəfindən nəzərə alınmasını siz əyanı şəkildə şahidi olursunuz. Heydər Əliyevin dövlət idarəçilik təlimi ilk növbədə, Azərbaycan xalqının milli iradəsinə söykənir. Ümummilli liderimiz deyirdi ki, "Milli iradə və milli birlik olmayan yerdə nə dövlət, nə müstəqillik elan oluna bilər, nə təmin edilə, nə də davamlı ola bilər".

Ulu öndərin Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ərəfəsində Azərbaycan ziyalılarına ünvanladığı məktubda birinci prinsip olaraq bir məsələ qoyulmuşdu ki, Azərbaycan o vaxt müstəqil dövlət şəklində formalaşa, qurula, möhkəmlənə və öz müstəqilliyini qoruya bilər ki, bu dövlət vətəndaşların iradəsinə söykənsin və onların iradəsi də öz nöbəsində milli birliyə söykənsin. Beləcə, milli birlik bizim dövlətin əsas prinsiplərindən biri olsun.

Ümummilli liderin irəli sürdüyü ikinci prinsip sosial ədalət prinsipi idi. O dövlət dayanıqlı ola bilər ki, həmin dövlətin həyatında sosial ədalət prinsipi mövcuddur, yaşayır və qorunur. Əgər bir dövlətdə ədalət yoxdursa və haqlının gücü bəzən güclünün haqqına qurban verilirsə bu dövlətdə ədalət ola bilməz. Yəni haqlının güclü olduğu bir dövlət, haqlının həmişə dövlət tərəfindən qorunması Heydər Əliyevin idarəçiliyinin əsas prinsiplərindən biri idi. Ümummilli liderin hüquqi dövlət və qanunçuluq kimi bir ifadəsi var idi. Bir dövlətin xalqı və vətəndaşı özünün haqlarını anlayarsa və o haqların ona, onun ailəsinə, xalqına gətirdiyi dəyərləri hiss edərsə, bu dövlətin xalqını heç kim məğlub edə və iradəsindən çəkindirə bilməz. Heydər Əliyev o zaman Azərbaycan ziyalılarına həmin müraciətində qeyd edirdi ki, bu gün Azərbaycan cəmiyyətində cinayətkarların cəzasız qalması, günahsızların isə cinayətə məruz qalması ciddi bir narazılıq yaradır və bu, sosial çaxnaşmaya, sosial fəlakətə aparır. Yadınızdadırsa, 1991-1993-cü illərdə Azərbaycanda sözün həqiqi mənasında bir xaos, anarxiya hökm sürürdü, cinayətkar cəzasız qalırdı və günahsızlar cəzaya məruz qalırdılar. Belə olan halda qanunçuluq da pozulmuşdu, hüquqi dövlət normaları da pozulmuşdu, bir sözlə kim güclü idisə o da haqlı idi. Kimin çiynində silah var idisə, o istənilən şeyi həyata keçirirdi. Belə bir dövlətdə Heydər Əliyevin dövlətçilik təliminin əsas şərtlərindən biri hüquqi dövlət, demokratiya prinsipləri idi. Ümummilli liderin müstəqil Azərbaycan dövlətinin qurulmasının əsas prinsipləri sırasına demokratiya, siyasi plüralizm məsələsini irəli sürdü. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasının üçdə bir müddəası insan haqlarına, insanların fikir və düşüncəsinin sərbəstliyinə, ən optimal qərarların qəbul edilməsi üçün insanların fikir plüralizminin istifadəsinə və çoxluğun iradəsinin höküm sürməsinə həsr olunub.

Və nəhayət Ümumilli lider Heydər Əliyevin dövlət təliminin əsas tərkib hissələrindən biri effektli dövlət idaerəçiliyi sisteminin yaradılması idi. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini bu gün innavatorcasına davam etdirir".

Daha sonar Milli Məclisin Sədr müavini Bahar Muradova deyib ki, hər kəsin imkanı var ki, bu kitabla yaxından tanış olub, öz təhlillərini aparsın və Azərbaycan dövlətinin son 5 ildə keçdiyi dövrə nəzərə salsın. Əlbəttə ki, təhlilçilər, analitiklər, tədqiqatçılar öz mövqelərini ortaya qoyurlar. Mənim üçün xüsusi əhəmiyyət kəsb edən cəhət hər bir insanın, fərdin özünün və xalqının, dövlətinin keçdiyi yola fərqli münasibət bəsləməsidir. Çünki sonda bu münasibətlər toplanaraq bütövlükdə xalqın bu ərazidə yaşayan insanların mövqeyi kimi bir araya gəlir. Əgər bu mövqelər çox hallarda üst-üstə düşürsə, deməli yenidən siyasət doğulur və əldə olunan nəticələr hər kəsin həyatına müsbət təsir edir".

Milli Məclisin üzvü Ziyad Səmədzadə bildirib ki, cənab Prezident İlham Əliyev 2013-cü ildə tam məsuliyyətlə Azərbaycanın müstəqil siyasət yeritdiyini bir daha vurğulayıb: "Dövlət başçısı qeyd etdi ki, əgər Azərbaycanın iqtisadi müstəqilliyi olmasaydı, biz bu nailiyyətləri əldə edə bilməzdik. 1994-cü ildə Azərbaycanda Ümummilli lider Heydər Əliyev neft kontraktları imzalanan zaman bildirmişdi ki, Azərbaycan yaxın gələcəkdə dünyanın ən parlaq inkişaf edən ölkələrindən birinə çevriləcək".

Sonra isə Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli və digərləri çıxış edərək Ümummilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətindəki fəaliyyətindən danışıblar, kitabın Azərbaycan dövləti üçün əhəmiyyətini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə