“NATO-nun yeni strateji konsepsiyası və Cənubi Qafqazda təhlükəsizlik çağırışları”

“NATO-nun yeni strateji konsepsiyası və Cənubi Qafqazda təhlükəsizlik çağırışları”

Bu gün AMEA-nın İnsan Hüquqları İnstitutunda "NATO-nun yeni strateji konsepsiyası və Cənubi Qafqazda təhlükəsizlik çağırışları" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, Akademiyanın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Hüquqşünasları Konfederasiyası, Avrasiya Hüquqşünaslar Assosiasiyası və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva, Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli və Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Daniell Kristian Çiobanu açıblar.

Onlar Azərbaycanın beynəlxalq təşkilatlara getdikcə genişlənməkdə olan inteqrasiyasından söz açıb, Azərbaycan-NATO əlaqələrinin əhəmiyyətindən, Cənubi Qafqaz geostrateji məkanında yerləşən dövlətlərin təhlükəsizlik problemlərindən və bu regionun Şimali Atlantika təşkilatı üçün oynadığı roldanbəhs ediblər. Qeyd edilib ki, Azərbaycan NATO ilə əlaqələri yüksək qiymətləndirir və bu, xüsusilə, təşkilatın Çikaqo sammitindən sonra yeni imkanların yaranması baxımından, daha da prioritet istiqamət təşkil edir.

İnsan Hüquqları İnstitutunun şöbə müdiri Əfsər Sadıqovun moderatorluq etdiyi "NATO-nun Azərbaycanla partnyorluğu: geniş əməkdaşlıq çərçivəsi" adlanan ilk sessiyada millət vəkili, Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə Heyətinin üzvü Qüdrət Həsənquliyev bildirib ki, hazırda qloballaşma ilə əlaqədar olaraq təhlükəsizlik sektorunda islahatlar aparılması böyük əhəmiyyət kəsb edir.

NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Villiam Lahue NATO ilə Azərbaycanın bu günkü əməkdaşlığından və gələcək perspektivlərdən söz açıb.

Ə.Sadıqov öz məruzəsində diqqəti regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemlərinə cəlb edərək, regionun əksər dövlətlərinin Dünya Ticarət Təşkilatına üzv olmasının enerji təhlükəsizliyi sferasında əməkdaşlığın ümumi hüquqi bazasının formalaşdırılmasında mühüm rol oynaya biləcəyini vurğulayıb.

"Cənubi Qafqazda təhlükəsizlik çağırışlarının yaranması" sessiyasında BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova "Qafqazda regional təhlükəsilik məsələsinə dair" mövzusunda məruzə edib. Onun sözlərinə görə, XX əsrin sonlarında-XXI əsrin əvvəllərində Qafqaz regionunun geostrateji əhəmiyyəti xeyli yüksəlib və bu region təkcə Rusiya, İran və Türkiyə kimi yaxın qonşuların deyil, habelə Avropa Birliyi, ABŞ, NATO və digər qeyri-regional aktorların maraq dairəsinə daxil olub.

Sessiyada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndəsi Elşad Mirbəşiroğlu "NATO-nun Cənubi Qafqaz dövlətləri ilə əməkdaşlığının optimallaşma istiqamətləri", AR DİN Polis Akademiyasının polkovnik-leytenantı Vasif Nəcəfov "NATO-nun yeni strateji konsepsiyası: Cənubi Qafqazda terrorizmlə mübarizənin təmin olunması", İnsan Hüquqları İnsititutunun əməkdaşı Vaqif Dadaşzadə "Cənubi Qafqazda ekoloji təhlükəsizlik sahəsində NATO-Azərbaycan əməkdaşlığı"mövzularında çıxışlar ediblər.

Müzakirələr zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildiriblər.

Konfransın sonunda İnsan Hüquqları İnstitutunun direktoru A.Mustafayeva Azərbaycanın hazırda NATO ilə sıx əməkdaşlıq etdiyini, regional təhlükəsizliyin dəstəklənməsi üçün tərəfdaşlıq potensialının və şərtlərinin yaradılması istiqamətində aktiv və məhsuldar fəaliyyət göstərdiyini vurğulayıb.

Tədbirdə millət vəkilləri, nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə