“Almesryoon” internet səhifəsi Heydər Əliyevin fəaliyyətindən yazıb

“Almesryoon” internet səhifəsi Heydər Əliyevin fəaliyyətindən yazıb

Misirin "Almesryoon" internet səhifəsində ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar jurnalist Əhməd Tarabekin məqaləsi dərc edilib.

Ə.Tarabek dahi şəxsiyyətlərin mənsub olduqları xalqların tarixində daim yaşadıqlarını, sonrakı nəsillər tərəfindən xatirələrinin uca tutulduğunu qeyd edərək ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəsini çətinliklərdən çıxardığını, onun inkişafı yolunda böyük nailiyyətlərə imza atdığını, Vətəninə və millətinə sadiq olması ilə xalqın qəhrəman övladına çevrildiyini bildirib.

Müəllif Misirin hazırkı siyasi və ictimai vəziyyətini müqayisəli təhlil edərək, demokratiyanın inkişafı və ictimai ədalətin bərqərar olunması üçün hər hansı bir ölkənin ağır dövrlər yaşamasının təbii olduğunu bildirərək Azərbaycanın da istər sovet, istərsə də yenidən müstəqillik qazandığı ilk vaxtlarda siyasi və iqtisadi böhranla üzləşdiyini diqqətə çatdırıb. O, ölkəmizin əsas probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu, ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edildiyini bildirib. Qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə dahi lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi, 1994-cü ildə Ermənistan ilə müharibədə atəşkəsə nail olunması, elə həmin ildə "Əsrin müqaviləsi"nin imzalanması nəticəsində ölkənin siyasi, iqtisadi və sosial inkişafını təmin edib, xalqın rifahı yaxşılaşıb.

Məqalədə 1995-ci il noyabrın 12-də dahi siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə yeni Konstitusiyanın qəbul olunması, siyasi islahatların aparılması, Azərbaycanın ATƏT-ə üzv olması, NATO-nun "Sülh naminə əməkdaşlıq" təşəbbüsünə qoşulması da yüksək qiymətləndirilib.

Xalqın ümummilli lideri Heydər Əliyevin xarici siyasəti haqqında yazan müəllif Ulu Öndərin rəsmi səfərləri çərçivəsində dünyanın aparıcı dövlətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ problemini daim diqqət mərkəzində saxladığını, eyni zamanda, Azərbaycanın İslam dünyasının ayrılmaz bir hissəsi olduğunu önə çəkərək ərəb və müsəlman dünyası ilə sıx əlaqələr qurduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə