Vüqar Rəhimzadə: "Reketçiliklə məşğul olan 96 qəzet qara siyahıda yer alıb"

Vüqar Rəhimzadə: "Reketçiliklə məşğul olan 96 qəzet qara siyahıda yer alıb"

"Bizim başlıca məqsədimiz odur ki, jurnalistlər şər, böhtan və yalan məlumat yaymaqdan çəkinsin". SİA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sumqayıt şəhərindəki yeni inzibati binasında təşkil olunan görüşdə iştirakı zamanı deyib.

Onun sözlərinə görə, 1990-cı illərin əvvələri çox ağrılı-acılı idi: "Həmin dövrdə insanlar zor gücünə hərbi xidmətə çağırılırdı. İndi isə ölkəmizdə belə hallar yoxdur. Müasir standartlara cavab verən yeni inzibati binaların tikilib istifadəyə verilməsi bizləri çox sevindirir ki, ordumuz günü-gündən inkişaf edir".

Reket jurnalistikası ilə bağlı məsələyə də toxunan baş redaktor bildirib ki, qara siyahıda 96 qəzet yer alıb: "2008-ciildə Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyası yaradılıb. Əvvəl Şuraya xeyli sayda müraciətlər daxil olurdusa, hazırda bu şikayətlərin sayı xeyli azalıb. Dövlət tərəfindən mətbuata kifayət qədər diqqət ayrılıb. Noyabrın 24-də cənab Prezident İlham Əliyevin media nümayəndələri ilə görüşündə də vurğulandı ki, biz azad, müstəqil medianın inkşafına şərait yaratmalıyıq. Həmin görüşdə bir sıra mühüm qərarlar verildi və təkliflər səsləndirildi. Biz əsasən mediamızın üzərinə kölgə salmaq istəyənləri sıxışdırıb aradan çıxarmağa çalışmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə