Novruz Məmmədov: Hakimiyyət Avrasiya İttifaqı ilə Avrointeqrasiya arasında seçim etmək üçün referendum keçirməyə hazırlaşmır MÜSAHİBƏ
Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. SİA həmin müsahibəni təqdim edir:
- Novruz müəllim, noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" Sammiti keçirildi. Sammitdə çox mühüm qərarlar verildi və sənədlər imzalandı. PA rəsmisi olaraq Sammitlə bağlı təəssüratlarınızı öyrənmək istərdik…
- Hesab edirəm ki, noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Sammiti çox mühüm (Avropa İttifaqının özünün həyatında da) bir hadisə idi. Digər tərəfdən, isə bu, "Şərq tərəfdaşlığı" çərçivəsində fəaliyyət göstərən, Avropa İttifaqı ilə əməkdaşlıq edən dövlətlər üçün uğurlu addım idi. Bu Sammit Azərbaycan üçün çox mühüm hadisə idi: "Tədbiri əsas etibarı ilə Litvanın prezidenti Darya Qribauskayte aparırdı. Bununla belə Avropa İttifaqının, Avropanın bütün dövlətlərinin, eləcə də "Şərq tərəfdaşlığı"na üzv olan dövlətlərin rəhbərləri də orada iştirak edirdi.
Bu barədə ən azından iki istiqamətdə danışmaq olar. Birincisi, bu illər ərzində Azərbaycan "Şərq tərəfdaşlığı"nın ən mühüm üzvlərindən biri olub. Azərbaycan-Aİ ilə bütün sahələrdə mühüm əməkdaşlığa imza atıb. Ümumiyyətlə, Azərbaycanın Avropa və Aİ-yə üzv olan dövlətlərlə həm ikitərəfli, həm də bir qurum kimi əməkdaşlığı bütün dövlətlərin hər birindən əhatəsinə görə, (beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik, mədəniyyət sahəsində, sərmayə qoyuluşunda və s.) tamamilə fərqlənir. Bunların hər biri uğurlu əməkdaşlığın mövcudluğundan xəbər verir. Amma müəyyən mənada Azərbaycanı bu əməkdaşlıqda başqa dövlətlərdən fəqləndirən cəhət onun tərəfdaşlığı milli və dövlətçilik maraqlarına uyğun aparmasındadır. Təbii ki, bunun da müsbət tərəfi ondan ibarətdir ki, bütün hallarda qarşı tərəf bizi başa düşür. Azərbaycan Prezidenti cənab İlham Əliyev də "Şərq tərəfdaşlığı" Sammitində çox fəal iştirak etdi. Bunu Litva prezidenti Darya Qribauskayte və Aİ-nin rəhbərləri də gözəl bir addım kimi qarşıladı.
Sammit çərçivəsində iki mühüm tədbir keçirildi. Bunlardan biri sənədlərin imzalanması, digəri isə plenar iclas idi. Cənab Prezident İlham Əliyevin həmin plenar iclasda əməkdaşlıqla bağlı geniş nitqi oldu. Sənədlərin imzalanması mərasimində isə Azərbaycan dövlətinin çox gözəl bir təqdimatı (bayraq, şəkil, musiqi və s.) oldu.
Həmin sammitdə çox mühüm hadisələrdən biri də ikitərəfli görüşlərin keçirilməsidir. Azərbaycan Prezidenti İlham Əliyev sammit çərçivəsində 10-a yaxın görüş keçirdi. Bütün görüşlər isə qarşı tərəfin arzu, istəyi və təşəbbüsü ilə olub. Dövlət başçısı burada Fransa prezidenti Fransua Ollandla, Birləşmiş Krallığın və İspaniyanın baş nazirləri ilə, eyni zamanda, bir çox dövlətlərin rəhbərləri ilə görüşlər keçirdi. Təbii ki, bu görüşlərin özü də çox böyük əhəmiyyət kəsb edir. Burada bütün dövlətlərin rəhbərləri Azərbaycanla əməkdaşlığı çox uğurlu proses hesab edirlər. Onlar dövlətimizlə bütün sahələrdə əməkdaşlıqda maraqlıdırlar. Biz də bunu qeyd etməyə borcluyuq.
- Sammitin yekun bəyannaməsində Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşünə də toxunuldu və iki illik fasilədən sonra bu görüşün keçirilməsinin əhəmiyyəti vurğulandı. Siz necə düşünürsünüz bu görüş, bundan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı irəliləyişlərə zəmin yarada bilər?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına maraq əvvəlki dövrə nisbətən daha çox artıb. Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında baş tutan bu görüş iki illik fasilədən sonra reallaşdırıldı. Hesab edirəm ki, görüşü müsbət, pozitiv adlandırmaq olar. Ən azından ona görə ki, tərəflər ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların davam etdirilməsinin vacibliyini vurğuladılar. Təbii ki, bunun özü artıq müsbət bir hadisə kimi qeyd olunmalıdır. İki il ərzində heç bir danışıq baş tutmurdu. Hesab edirəm ki, danışıqlar zamanı irəliləyişə nail olmaq olar.
Hətta Ermənistan mətbuatı bu görüşdən sonra özlərinin fəal, konstruktiv mövqedə olduqlarını, eləcə də Serj Sarkisyanın xoş əhval-ruhiyyədə olmasını və s. qeyd edib. Təbii ki, bu, məndə bir qədər şübhə doğurdu. Düşünürəm ki, bu, Ermənistanın iki illik fasilədən sonra növbəti yalanı idi ki, özlərini burada da haqlı çıxarmağa çalışırdılar. Bu, işğalçı ölkə tərəfindən gözlənilən addım idi . Avropa İttifaqının rəhbərləri ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında Vilnüsdə keçirilən görüşdə də birmənalı şəkildə qeyd olundu ki, Avropanın da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha fəal iştirakına ehtiyac var.
- Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" sammiti həm də bəzi məsələləri ortaya çıxardı. Ümumiyyətlə, Ermənistan tərəfi bu sammitdə hansı statusla iştirak edirdi? Çünki, bir müddət öncə onlar bu sammitdən imtina edərək, iştirak etməyəcəklərini bildirmişdilər?
- Altı dövlət "Şərq tərəfdaşlığı"na üzv idi. Bu gün bunlardan ikisi açıq-aydın Aİ-ni gələcəkdə özünün üzv olacağı təşkilat kimi görmürlər. Təbii ki, bunlardan biri işğalçı ölkə Ermənistan tərəfidir. Bundan başqa isə iki dövlət (Moldova və Gürcüstan) özünün gələcəkdə orada görmək istəyini nümayiş etdirdi. Ukrayna dövləti ilə bağlı hələlik birmənalı qarşılanmayan situasiya yaranıb. Azərbaycanla bağlı isə burada heç bir problem yoxdur. Çünki, dövlətimizin həyata keçirdiyi siyasi kurs aydındır və bu görünür. Bu mənada hesab edirəm ki, ölkəmizlə bağlı heç bir problem ola bilməz. Aİ-nin rəhbərləri açıq-aydın elan etdilər ki, Avropanın qapıları hamının üzünə açıqdı. Hətta, sabah Ermənistan dövləti öz fikrini dəyişsə belə. Onlar da bu haqda əlbəttə ki, düşünürlər.
Hesab edirəm ki, gələcəkdə Ukrayna və digər dövlətlərlə bağlı məsələnin necə olacağını bir qədər gözləmək lazımdır. Hər bir dövlət öz milli və dövlətçilik maraqlarını açıq-aydın ortaya qoyub izah etdikdə, hər şey başa düşülən olur. Amma tərəflər bu prosesi siyasiləşdirdikləri hətta, geo-siyasiləşdirdikləri təqdirdə problemlər ortaya çıxır.
- Azərbaycan hakimiyyətinin Avrasiya İttifaqı ilə Avrointeqrasiya arasında seçim etmək üçün referendum keçirməyə hazırlaşması barədə müxalifət mətbuatında yazılan fikirlərə aydınlıq gətirmənizi istərdik...
- Azərbaycan hakimiyyətinin Avrasiya İttifaqı ilə Avrointeqrasiya arasında seçim etmək üçün referendum keçirməyə hazırlaşması barədə müxalifət mətbuatında yazılanlar tam cəfəngiyatdır. Azərbaycan hakimiyyətində, hakim siyasi dairələrdə bununla bağlı hər hansı bir məsələ müzakirə olunmur və gündəmdə deyil. Düzünü desəm, bu məlumatı oxumamışam. Ancaq birmənalı olaraq qeyd etmək istəyirəm ki, bu barədə deyilənlər cəfəngiyat və olduqca gülməli bir məsələdir. Görünür, müxalifət mətbuatı yenə belə bir cəfəng məlumatları yaymaqla növbəti məkirli məqsədlər güdür, haradansa, aldıqları tapşırıqları icra edirlər. Ona görə bir daha vurğulamaq istəyirəm ki, belə bir məsələ ümumiyyətlə, yoxdur və deyilənlər qərəzdən, cəfəngiyyatdan başqa bir şey deyil. Azərbaycanın Avrointeqrasiyada heç bir problemi yoxdur. Bu günlərdə Vilnüs sammitində Azərbaycanın dövlət başçısı 10-a yaxın dövlətin başçısı və rəhbərləri ilə görüş keçirib. Həmin görüşlər də qarşı tərəfin istəyi ilə baş tutub. Bu görüşlər zamanı da həmin ölkələrin rəhbərləri Azərbaycanla əməkdaşlığı müsbət saydıqlarını və ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
- İran-Qərb dövlətləri arasındakı münasibətlərə diqqətinizi yönəltmək istərdik. Hətta, bir sıra təhlilçilər bildiriblər ki, Azərbaycanın regionda bundan sonra əhəmiyyəti itəcək. Siz bu barədə nə fikirləşirsiniz?
- Cənubi Qafqazın geosiyasət aləmində çox mühüm region olmasını hələ XIX əsrdə Qərb geo-siyasətşünasları, başda isə bu siyasətin atası olan Fridrix Ratsel, Karl Hausxofer, Helford Makkinder, Nikolas Spaykmen və s. göstərib. Onlar ilk növbədə dünyanın geosiyasi cəhətdən mühüm regionu kimi Balkanları, ondan sonra isə Cənubi Qafqazı göstəriblər. Yaxın Şərq isə həmin dövrlərdə o qədər də maraq kəsb etmədiyindən orada yer almayıb. Hazırda Balkanlarda məsələlər bir qədər öz yoluna düşüb. Amma bu gün Cənubi Qafqaz əhəmiyyətli bölgə kimi diqqət mərkəzindədir. Cənubi Qafqazın ətrafında nələrin baş verməsindən asılı olmayaraq o, öz əhəmiyyətini itirməyəcək. Hətta, Böyük İpək Yolu belə buradan keçir. İkinci tərəfdən isə Cənubi Qafqaz dünyanın 4 ən mühüm vektorlarını birləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB