Hatəm Cabbarlı: “Regionda cərəyan edən prosesləri diqqət mərkəzindən kənarda saxlamaq olmaz”
"Ermənistanın Gömrük və Avrasiya İttifaqına üzv olmaq barədə müqaviləni imzalaması regionda bəzi dəyişikliklərə gətirib çıxaracaq". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.
H.Cabbarlı vurğulayıb ki, son zamanlar regionda cərəyan edən prosesləri diqqətdən qaçırmaq olmaz: "Keçən il Ermənistanda prezident seçkiləri keçirildi. Ancaq ATƏT-in Minsk qrupu həmsədrləri regiona Azərbaycanda keçirilən prezident seçkilərindən sonra səfər etdi. Burdan belə nəticəyə gəlmək olar ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin prezidentlər səviyyəsində müzakirə olunması hər iki ölkədə prezident seçkilərindən sonra keçirilməsi həmsədrlərin gündəmində olub. Həmsədrlər prezidentlərin görüşünü təşkil etməyə çalışsalarda, regionda cərəyan edən prosesləri diqqət mərkəzindən kənarda saxlamaq olmaz. Prezidentlərin görüşü baş tutsa belə bir nəticəyə gələ bilinəcəyini düşünmürəm. Çünki Ermənistan danışıqlar prosesində hər zaman dekonstruktiv mövqe sərgiləyib".
Mərkəz sədri bildirib ki, son zamanlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bardyujanın Ermənistanı dəstəkləyən bəyanatları və Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102-ci Rusiya hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinskinin "Rusiyanın Ermənistandakı hərbi bazaları Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyata başlayarsa, Ermənistanı müdafiə etmək məqsədilə münaqişəyə qoşula bilər" fikri düşündürücüdür və Rusiya-Azərbaycan münasibətlərinə ciddi təsir edə bilər: "Ermənistanın Gömrük və Avrasiya İttifaqına üzvlüyündən sonra analitiklər onun mövqeyinin güclənəcəyini bildirirlər. Bu isə doğru yanaşma deyil. Çünki, Gömrük İttifaqı iqtisadi təşkilatdır. Yəni təşkilata üzvlük Ermənistanı deyildiyi qədər gücləndirmir. Ermənistan nə qədər Rusiyanın gücünü arxasında hiss etsə də, Azərbaycan buna paralel olaraq həm iqtisadi, həm də hərbi qüdrətini artırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB