Sədaqət Vəliyeva: Çox təəssüflər olsun ki, dünya birliyi buna susur

Sədaqət Vəliyeva: Çox təəssüflər olsun ki, dünya birliyi buna susur

"Bu gün Azərbaycanın tarixi torpaları olan Dağlıq Qarabağın zəngin və füsunkar güşələrindən biri olan Zəngilan rayonunun Ermənistan tərəfindən işğal edilməsi faktından 20 il ötür. Ötən müddət ərzində təcavüz faktına görə, Azərbaycanın nəzarətindən kənarda qalmış bu torpaqlarda ermənilər dünyanın bəlli olan iri şirkətlərilə birgə sərvətlərimizi talayır, flora və faunaya böyük zərər vurur, həmçinin, Azərbaycan tarixinin qədim dövrlərinə aid mədəniyyət abidələrini talayır və dağıdırlar. Bütün bunlar isə bu gün, yəni, dünyanın sivil qaydalarla, beynəlxalq hüquq və normalarla idarə olunduğu bir zamanda baş verir, lakin, çox təəssüflər olsun ki, dünya birliyi buna susur". Bunu Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O deyib ki, BMT-nin 4 qətnaməsi var, eyni zamanda, bir neçə gün öncə Avropa Parlamenti Ermənistanın işğalçılıq hərəkətlərini bir daha təsdiqlədi: "Yəni, bütün bunlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi zəmin yaradır. Amma bunlarla yanaşı, görürük ki, bir çox hallarda ikili standartlar işləyir, ona görə də, Ermənistanı cəzalandırmaq hələ də mümkün olmayıb. Necə ola bilər ki, Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasında çıxarılmış qətnamə 2 saat ərzində icra olunur, amma Dağlıq Qarabağla bağlı 20 ildən artıqdır ki, qəbul olunmuş qətnamələr hələ də icra olumayıb. Təbiidir ki, belə bir vəziyyətdə emosiyalara da qapılmaq və qeyri-siyasi vasitələrə də əl atmaq məqsədə uyğun deyil. Həm geosiyasi, həm də geoiqtisadi vəziyyət bizdən tələb edir ki, torpaqlarımızı diplomatik, sosial-iqtisadi, siyasi və hüquqi resurslardan istifadə etməklə geri qaytaraq. Amma bununla belə mətbuat, QHT sektoru, hətta, elm ocaqları belə Ermənistanın işğalçı simasını dünya ictimaiyyətinə nümayiş etdirməlidir. Ermənilər çalışırlar ki, özlərini dünyaya məzlum xalq kimi nümayiş etdirmək istəyir. Məhz, buna görə də, elmi araşdırmalar aparılmalı, dissertasiyaıar yazılmalıdır. Alimlər mütləq erməniçiliyin nəyə xidmət etdiyini elmi əsaslarla sübut etməlidirlər. Düşünürəm ki, bu cür vasitələrlə Ermənistanın məğlubiyyətini daha da yaxınlaşdıra bilərik. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində artıq demək olar ki, Ermənistan çıxılmaz vəziyyətə düşüb. Lakin ictimaiyyət də, hər bir azərbaycanlı da dövlətin bu prioritetinə öz əməlilə töhfə verməli, kömək etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə