Əli Orucov: "Hansısa partiyanı xarici təşkilat maliyyələşdirirsə bunun arxasında qaranlıq məqamlar var" MÜSAHİBƏ
Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Orucovun SƏS TV-yə müsahibəsi:
- Əli müəllim, sizcə, siyasi partiyaların maliyyələşməsi üçün ayrılan vəsait onların vətəndaş cəmiyyətinin formalaşmasına və stimullaşmasına nə kimi fayda verə bilər?
- İlk növbədə onu demək istərdim ki, "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Lakin həmin qanun müasir cəmiyyətin tələblərinə uyğun deyildi. Çünki sözügedən qanunda bir sıra çatışmazlıqlar var idi. Lakin hazırda mövcud qanuna bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərdən ən önəmlisi isə partiyaların maliyyələşməsi ilə bağlı olan qismidir. Çünki partiyaların müstəqil şəkildə fəaliyyət göstərməsi üçün onun maliyyə bazasının olması zəruri şərtlərdən biridir. Diqqət yetirsək görərik ki, əvvəllər partiyaların maliyyələşməsi qeyri-şəffaf və qeyri-müəyyən yollarla həyata keçirilirdi. Bu da təbii ki, partiyaları onlara himayədarlıq edən sponsorlardan asılı edir. Beləliklə, bu kimi partiyalar məcburiyyət qarşısında sponsorların mövqeyinə xidmət etmək məcburiyyətində qalırdılar. Lakin ötən il ilkin mərhələ olaraq dövlət büdcəsindən sözü gedən məsələ üçün 2 milyon manat ayrılıb. Ayrılan vəsait də qanunvericiliyin tələblərinə uyğun olaraq partiyalar arasında bölüşdürülüb. Bildiyiniz kimi, qanuna uyğun olaraq ayrılan vəsait 3 qisimdə ödənilir. Qanuna uyğun olaraq ayrılan vəsaitin 10 faizi seçkilərdə namizədləri 3 faizi keçən partiyalara verilməli idi. Lakin məlumdur ki, ötən parlament seçkilərində müəyyən olunan faizi keçən partiya olmadı. Bu səbəbdən də 10 faizi maliyyələşmə prosesi həyata keçmədi. Yerdə qalan 40 faizi isə parlamentdə təmsil olunan partiyalar arasında bərabər şəkildə bölüşdürülürdü. 50 faiz isə partiyaların parlamentdə təmsil olunan nümayəndəlikləri arasında bölüşdürülməsi həyata keçirilirdi. Beləliklə, əldə etdiyi nəticəyə uyğun olaraq bu bölgüdə ən çox vəsait əldə edən Yeni Azərbaycan Partiyası (YAP) oldu. Digər tərəfdən sözügedən partiyanın bildiyiniz kimi, parlamentdə 60-dan çox üzvü var. Qanunvericilikdə mövcud olan bir məqamı da nəzərinizə çatdırmaq istərdim. Orada qeyd edilir ki, əgər hər hansısa partiya ona veriləcək 10 faizdən imtina edərsə həmin vəsait yenidən büdcəyə qayıdır. Mən sözügedən qanunda bir çatışmazlığa da toxunmaq istərdim. Belə ki, həmin qanunda yalnız parlamentdə təmsil olunan partiyalar nəzərdə tutulur. Lakin elə partiyalar da mövcuddur ki, onlar parlamentdə təmsil olunmasalar da cəmiyyətdə mövcuddur. Bu kimi partiyaların dövlət büdcəsi tərəfindən maliyyələşməməsi onların qeyri-şəffaf yollarla büdcəsini çoxaltmasına səbəb oldu. Bu da onların müəyyən sponsorlardan asılı vəziyyətə düşməsinə onların mövqeyini təbliğ etməsinə gətirib çıxartdı.
- Bildiyiniz kimi, bu il dövlət büdcəsindən partiyaların maliyyələşməsi üçün yenidən vəsait ayrılacaq. Sözügedən vəsaitin miqdarı ötən ilkinə nisbətən daha da artırılacaq. Sizcə bu partiyaların geniş fəaliyyət göstərməsinə imkan yaradacaqmı?
- Təbii ki, maliyyə məsələsi qaydasına düşdükdə göstərilən fəaliyyət də güclənir. Lakin bu o demək deyil ki, sözügedən partiyalara ayrılan vəsaiti onlar istədikləri kimi mənimsəyib xərcləyə bilərlər. Nəzərdə tutulan məbləğin hansı istiqamətlərə xərclənməsi qanunvericilikdə öz əksini tapıb. Belə ki, onlar ayrılmış məbləği kütləvi informasiya vasitələrinin təbliğatına və yaxud da bir sıra təşkilatlanma işlərinə sərf edə bilərlər. Həmin ayrılmış vəsaiti öz şəxsi pulu kimi xərcləmək, qeyri-leqal formada mənimsəmək qanunvericiliyə tamamilə ziddir. Bu kimi partiyalar nəzərdə tutulan vəsaitin hansı istiqamətlərə sərf edilməsi barədə mütləq şəkildə müvafiq qurumlara məlumat verməlidirlər. Əks təqdirdə onlar müəyyən olunan cəza mexanizmləri ilə cəzalandırılacaqlar.
- Az öncə qeyd etdiniz ki, maliyyələşmədən kənarda qalan bir sıra partiyalar mövcuddur ki, onlar dövlət büdcəsindən maliyyələşmədiyi üçün müxtəlif təşkilatlara üz tuturlar. Bu da nəticə etibarı ilə onları sözügedən təşkilatlardan asılı vəziyyətə salır. Bizim də əldə etdiyimiz məlumatlara görə, bir sıra partiyalar xarici təşkilatlardan maliyyələşərək onlara xidmət edirlər. Azərbaycana məxsus olan partiyaların xaricin mövqeyinə xidmət etməsi sizcə, onları milli mövqedən nə qədər uzaqlaşdıra bilər?
- Biz qanunvericiliyə nəzər salsaq, bu məsələnin orada öz əksini tapdığını görərik. Belə ki, qanunvericiliyə nəzərən xarici təşkilatların və vətəndaşların yerli partiyaları maliyyələşdirməsi qadağandır. Bu kimi yolverilməz halların qarşısını almaq üçün heç bir partiyanı kənarda saxlamamaq lazımdır. Mövcud olan 54 partiyanın hamısı aktiv olmasa da mənim zənnimcə onların hər birinə dövlət büdcəsindən maliyyələşmə üçün vəsait ayrılmalıdır ki, onlarda geniş və sərbəst şəkildə fəaliyyət göstərə bilsinlər. Mənim fikrimcə, bu həmçinin xarici qüvvələrin yerli partiyaları maliyyələşdirib, öz mövqeyinə xidmət etmək məcburiyyəti yaratmasının qarşısını ala bilər.
- Sizcə, xarici təşkilatların bu kimi partiyaları maliyyələşdirməkdə məqsədi nədir?
- Mən qeyd etmək istərdim ki, bu kimi fikrin cəmiyyətdə səslənməsi belə təhlükə doğuracaq məqamdır. Təbii ki, əgər, xarici təşkilat hər hansısa partiyanı maliyyələşdirirsə bunun arxasında qaranlıq məqamlar var. Hətta onlar belə bir addımı atmaqla partiyaları dövlətçiliyimiz əleyhinə də yönəldə bilərlər. Mən bir vətəndaş kimi istəməzdim ki, istənilən yerli partiyamız hər hansısa xarici qüvvələrin köləsinə çevrilsin.
- Əli müəllim, Azərbaycanda bu il keçirilən seçkilərdən sonrakı vəziyyəti necə qiymətləndirirsiniz? Müxalifətin seçkidən sonra keçirdiyi aksiyalar haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi artıq seçkinin nəticələri və qalib gəlmiş şəxsin kimliyi hər kəsə məlumdur. Mən düşünürəm ki, müxalifət düşərgəsi vaxtını bu kimi faydasız mitinqlərə sərf etməkdənsə, qarşıdan gələn bələdiyyə və ya parlament seçkilərinə hazırlaşsınlar. Keçirilən aksiyalara diqqət yetirdikdə görürük ki, artıq insanların onlara marağı sıfıra bərabərdir. Hər növbəti aksiyada biz insanların sayının nəzərə çarpacaq dərəcə də azaldığını müşahidə edirik. Bildiyiniz kimi Cəmil Həsənlinin xaricə bir sıra səfərləri oldu. Bu təbii haldır. O, istənilən xarici ölkəyə gedə bilər. Lakin siyasi baxımdan onun səfərləri faciəlidir. Çünki bu səfərlərdə siyasi ambisiya ilə onun istəkləri uyğunluq təşkil etmir. Düşünürəm ki, xaricdə hər hansı siyasi əlaqə qurmaq istəyən şəxs, müxalifət və ya iqtidar olmasından asılı olmayaraq ilk növbədə azərbaycançılığı, dövlət müstəqilliyimizi hər şeydən öndə tutmalıdır. Öz şəxsi maraqlarına görə hərəkət etməməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB