Musa Quliyev: “Biz bu kimi qərarların 20 ildə bir neçə dəfə verildiyinin şahidiyik” AÇIQLAMA
"Avropa Parlamentinin bu qərarı bir daha onu göstərir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu gündən-günə güclənir. Artıq istər Avropa dövlətləri, istərsə də digər Qərb dövlətləri ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqlı mövqedə olduğunu aydın dərk edirlər". Bunu SİA-ya millət vəkili Musa Quliyev Avropa Parlamentinin "Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələri əsasında həllinin tərəfdarıdır" fikrinə münasibət bildirərkən deyib.
Parlament üzvünün sözlərinə görə, bütün qətnamələr onu göstərir ki, Ermənistan işğalçı dövlətdir və onlar ölkəmizin işğal olunmuş torpaqlarından çıxmalıdırlar: "Eyni zamanda BMT qətnamələrinə yenidən istinad edilməsi bir daha Azərbaycanın nə qədər haqlı olduğunun beynəlxalq aləm tərəfindən sübutu və təsdiqidir. Bir məsələ də var ki, biz bu kimi qərarların 20 ildə bir neçə dəfə verildiyinin də şahidi olmuşuq. Amma bunların dəqiq mexanizmi yoxdur. Bu məsələləri biz bir tərəfdən Azərbaycanın haqq işinin dünya tərəfindən dəstəklənməsi kimi qəbul ediriksə, digər tərəfdən burada ikili standartların olduğunu və bu ikili standartların, qərarların faktiki olaraq kağız üzərində qalmasını görürük. Arzu edirəm ki, bu qərarlar davamlı olsun və işğalçı Ermənistana qarşı müəyyən sanksiyalar (siyasi, hüquqi, iqtisadi və s.) tətbiq edilsin. Bununla belə Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə son dərəcə ciddi mövqeyi və ardıcıl olaraq ölkəmizin ərazi bütövlüyünün qorunması sahəsindəki səyləri, dünyanın aparıcı dövlətlərini bu məsələlərdə obyektiv mövqe tutmağa vadar edir. Ölkəmizin ildən-ilə güclənən iqtisadi və hərbi potensialı heç şübhəsiz ki, bu məsələnin ədalətli şəkildə həll olunmasına gətirib çıxaracaq".
Qeyd edək ki, ötən gün Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilib. Qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin "Şərq Tərəfdaşlığı"nın fundamental prinsip və məqsədlərinin pozulması olduğu barədə mövqeyi xatırladılıb və bu xüsusda Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri və 10 iyul 2009-cu il tarixli Akvil Birgə Bəyanatında ehtiva olunan ATƏT-in Minsk qrupunun baza prinsipləri əsasında həll edilməli olduğu vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB