Politoloq: “Rusiya hakimiyyəti peşman olub” MÜSAHİBƏ

Politoloq: “Rusiya hakimiyyəti peşman olub” MÜSAHİBƏ

Politoloq Elşad Mirbəşiroğlunun SİA-ya müsahibəsi

- ATƏT-in Minsk qrupunun həmsədrləri noyabr ayında regiona səfər edəcəklər. Sizcə bu səfər Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir edəcək?

- Biz uzun müddətdir ki, ATƏT-in Minsk qrupuna gözləntilərimizi səsləndiririk. Bu ondan ibarətdir ki, ATƏT Ermənistana qarşı real təzyiq rıçaklarına əl atsın. Yalnız bundan sonra münaqişənin tənzimlənməsi istiqamətində hansısa irəliləyişdən danışmaq olar. Bu günə kimi münaqişənin tənzimlənməsi ilə bağlı bütün istiqamətlərdə müzakirə aparılıb. Buna baxmayaraq, ATƏT-in Minsk qrupu yeni variant, yeni ideya ilə çıxış etmir. Bu baxımdan hesab edirəm ki, həmsədrlərin regiona səfəri, hansısa nəticələrə gətirib çıxarmayacaq. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi ədalətlidir. Azərbaycan Ermənistandan fərqli olaraq, münaqişənin dinc yolla həll olunmasına hər zaman sadiqlik nümayiş etdirir. Ölkəmiz hərbi yolla öz torpaqlarını geri qaytarmaq iqtidarında olduğu halda, beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşaraq, bunu etmir. Amma Ermənistan tərəfindən bu istəyi görmürük. Düşmən ölkə qeyri-konstruktiv mövqeyində israrla dayanmaqdadır. Bu baxımdan münaqişənin tənzimlənməsi istiqamətində irəliyə addım atmaq üçün birmənalı olaraq Ermənistana təzyiqlər olmalıdır. Ermənistanı ədalətsiz mövqeyindən çəkindirmək lazımdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Yalnız bu addımlardan sonra həmsədrlərin regiona səfərinin real nəticələrindən danışmaq olar. Bildiyiniz kimi, bu yaxınlarda Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Prezident İlham Əliyevlə görüşüb. Görüş zamanı bəzi məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesləri də müzakirə olunub. amerikalı həmsədr təxminən bir neçə aydır ki, fəaliyyətə başlayıb və o fəaliyyəti zamanı dəfələrlə qeyd edib ki, münaqişənin tənzimlənməsi istiqamətində real addımlar atmaq lazımdır. Amerikalı həmsədrin bu cür bəyanatla çıxış etməsi, müəyyən ümidlər yaradır. Çünki, ABŞ dünyanın super güclərindən biridir və Ermənistana real təzyiq etmək gücünə malikdir. Bundan başqa ABŞ-da Ermənistanın çox güclü diasporu fəaliyyət göstərir. Bu baxımdan düşünürəm ki, Ermənistana təzyiqlər olunarsa, ondan sonra Minsk qrupunun fəaliyyəti hər hansı bəhrəsini verə bilər. İndiki məqamda isə, Minsk qrupunun noyabr ayında regiona səfəri sıradan bir səfər olacaq. O baxımdan ki, münaqişənin tənzimlənməsi istiqamətində hələlik real bir addımın atılacağı görünmür. Amma digər bir məqam da ondan ibarətdir ki, Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı prezidentlərin görüşünün təşkil olunması istiqamətində addımlar atılacaq.

- Ermənistan Gömrük İttifaqına daxil olması ilə status-kvonun uzadılmasına nail ola bilər?

- Ermənistan Gömrük İttifaqına daxil olsa və ya olmasa da status-kvo vəziyyətinin uzanmasına çalışır. Bunun qarşısını almaq üçün bayaq qeyd etdiyim kimi, Ermənistana real təzyiqlər lazımdır. Çox güman ki, bu təzyiqlər Rusiya tərəfindən olmayacaq. Çünki görünən məqam ondan ibarətdir ki, Rusiya öz maraqlarının təmin olunması naminə münaqişələrin həll olunmamasına maraqlıdır. Bu baxımdan Qərbdən Ermənistana ciddi şəkildə təzyiqlər edilməlidir. Nə qədər ki bu təzyiqlər yoxdur, düşmən ölkə status-kvo vəziyyətinin uzadılmasına çalışacaq. O ki qaldı Ermənistanın Gömrük İttifaqına daxil olması məsələsinə, Ermənistanın başqa çıxış yolu yoxdur. Ermənistan hakimiyyəti bütün addımlarında çox güman ki, Kremllə məsləhətləşir və onun təlimatları əsasında hərəkət edir bu da ondan xəbər verir ki, Ermənistan yarımmüstəqil, hətta belə demək mümkündürsə, qeyri müstəqil dövlətdir. Bu gün demək olar ki, Ermənistanda bütün infrastruktur sahələrinə Rusiya nəzarət edir. Bu baxımdan düşmən ölkə başqa çıxış yolu olmadığına görə, bu ittifaqa daxil olub. O, sərbəst ölkə kimi mövcud ola bilmir. Bunu deməyə əsas verən məqamlar da var. Çünki Ermənistan Avropa İttifaqı ilə assosiativ müqavilə imzalama ərəfəsində Gömrük İttifaqına daxil oldu. Qərbdən buna reaksiya birmənalı olmadı. Avropa buna mənfi yanaşdı. Bu da ondan xəbər verir ki, Ermənistan öz istəyi ilə bu cür xoşagəlməz riskə gedə bilməzdi. Görünür, bu addımı atmağa məcbur olub.

- Son günlər Rusiyada baş verən hadisələri Ermənistanla bağlamaq olarmı və hadisələr Rusiya Azərbaycan münasibətlərinə necə təsir edəcək?

- Məişət zəmnində baş verən hadisəni bu dərəcədə şişirtmək hansısa məqamlara xidmət etməlidir. Görünür, Rusiya bu məqamdan istifadə edərək, hansısa niyyətlərini həyata keçirmək istəyir. Bu baxımdan gələcəkdə Rusiya ilə Azərbaycan arasında münasibətlərin hansı səviyyədə, hansı dinamika ilə inkişaf etməsi məsələsinə toxunan zaman qeyd etməliyəm ki bu, Rusiyanın tutacağı mövqedən asılı olacaq. Çünki məişət zəminində xırda bir hadisəni bu səviyyədə şişirtmək və Azərbaycan hakimiyyətinin reaksiyasına səbəb olmaq, təbii ki Rusiya tərəfindən iki dövlət arasında münasibətlərə mənfi təsir göstərən məqam kimi qiymətləndirilə bilər. Bunun da səbəbkarı Rusiyadır. Qonşu ölkə miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı münasibətində dəyişikliklər etməlidir. Qeyri-qanuni məsələlərin səbəbkarları elə rus məmurlarının özləridir. Onlar vaxtında miqrasiya məsələləri ilə bağlı sistemli addımlar atsaydılar, bu istiqamətdə işlək bir sistem yarada bilsəydilər, o zaman Rusiyada qeyri-qanuni miqrantlar olmaz və ya Rusiyada olan miqrantlar fəaliyyətlərini qayda-qanun çərçivəsində həyata keçirərdilər. Rusiyanın hakim dairələri özləri qeyri- müəyyən vəziyyət yaradırlar, sonra da bu vəziyyəti düzəldə bilmədikləri üçün ölkələr arasında münaqişəyə gətirib çıxarırlar. Bütün bunlar Rusiya Federasiyasına ziyan gətirir. Ona görə ki, Azərbaycan bu gün enerji təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynayır. Bundan əlavə ölkəmiz regional təhlükəsizliyin təmin olunması məsuliyyətini öz çiyinləri üzərində daşıyır. Azərbaycanı regionun parlayan ulduzu adlandırılar. Bütün dünya Azərbaycana etibarlı tərəfdaş kimi baxır. Bu cür keyfiyyətlərə malik olan ölkə ilə münasibətin korlanmasına Rusiya heç bir halda razı olmayacaq. Rusiyanın regionda təsir rıçaqları azalıb. Onun Azərbaycanla münasibətlərinin isti olması hər şeydən öncə Rusiyanın maraqlandıran əsas faktdır. Rusiya prezidentinin son məqamda atddığı addımlar, verdiyi bəyanatlar onu deməyə əsas verir ki, cinayət törətdiyi ehtimal olunan azərbaycanlıya qarşı Rusiya hakimiyyəti tərəfindən peşmançılıq artıq özünü biruzə verir. Qonşu ölkə dövlətlərarası münasibətlərə həssaslıqla yanaşmalıdır ki, ölkələr arasında münasibətlər normal qalsın. Düşünürəm ki, bu məsələ kampramis yolu ilə həllini tapacaq və iki dövlət arasında münasibətlərə ciddi təsir göstərməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə