Azərbaycan gəncləri dövlətin bu gününü və sabahını düşünən gənclikdir
Müsahibimiz Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov rayon təşkilatı İdarə Heyətinin üzvü Nəcəf Novruzovdur.
- Nəcəf müəllim, Azərbaycan gənclərinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin siyasətinin əsas prioritet istiqamətlərindəndir. Bu siyasətin nəticələrini ümumilikdə necə şərh edərdiniz?
- Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycanda gənclərə göstərilən yüksək diqqət və qayğı təqdirəlayiq şəkildədir. Azərbaycan Prezidentinin gənclərə göstərdiyi diqqət və qayğıya, onlar üçün həyata keçirilən tədbirlərə, ümumiyyətlə, gənclər siyasətinə görə dünya ölkələri arasında seçilir. Ölkəmizdə gənclərlə bağlı qanunvericilik bazasının gündən-günə təkmilləşdiyini hər bir gənc görür və öz növbəsində dəyərləndirir. Azərbaycan kimi qüdrətli bir dövlətin gənci olmaq hər birimiz üçün qürur mənbəyidir. Azərbaycanda hər bir gəncin maddi və mənəvi problemlərinin həlli istiqamətində bir sıra ictimai birliklər fəaliyyət göstərir və bir sıra sahələrdə həmin fəaliyyətin, gənclərə ayrılan diqqətin bəhrəsini və uğurlu nəticələrini görürük. Bu gün biz gənclər böyük inamla deyə bilərik ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasında da olduqca mühüm rol oynayır.
- Gənclərlə bağlı bir sıra dövlət proqramları qəbul olunub və bu gün biz onun mübət nəticələrini görürük. Bu haqda siz nə deyə bilərsiniz?
- Ümummilli lider Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin 2006–cı ildə imzaladığı "Gənclər və İdman Nazirliyinin yenidən təşkil edilməsi haqqında" Fərman mühüm hadisə kimi tarixə düşdü. Bundan başqa ölkə başçısının 2005–ci il 30 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005–2009–cu illər)" dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olub. Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və müəyyən uğurlar əldə olunub. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı işlər aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib, məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilib, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilib. Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə bu sahədə yeni bir Dövlət Proqramının həyata keçirilməsi zərurəti yarandığından Cənab Prezidentimiz İlham Əliyev gənclərə göstərilən dövlət qayğısının davamı kimi 2011–ci il 7 iyul tarixli növbəti bir Sərəncamı ilə "Azərbaycan gəncliyi 2011–2015–ci illərdə Dövlət Proqramı"nı təsdiq etdi. Bu proqramın əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial–iqtisadi problemlərinin həllini təmin etməkdir. "2007–2015–ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi ilə təqdirəlayiqdir. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" Prezident Fərmanları bu istiqamətdə atılan mühüm addımlardan hesab edilir.
- Hazırkı mərhələdə gənclərin ictimai-siyasi, xüsusilə də prezident seçkilərindəki fəallıqlarını necə qiymətləndirmək olar?
- Ümumilikdə Nərimanov Rayon Gənclər və İdman İdarəsi 2013-cü ilin 9 ayı ərzində gənclərlə bağlı 58 tədbir həyata keçirilib ki, bu tədbirlərdə 10233 gənc iştirak edib. Bir çox şəhər və respublika səviyəli tədbirlərdə rayonumuzu təmsil edən gənclər yüksək nəticələr əldə etmişdir. Bu il keçirilən prezident seçkilərində Nərimanov rayonu üzrə 947 nəfər gənc ilk dəfə olaraq səs verərək öz gələcəklərini təmin etmiş oldular. Seçki ərəfəsində gənclər təşkilatları gənclərin fəallığını artırmaq naminə bir sıra mühüm işlərə imza atdlar. Bunlar hamısı Müstəqil Azərbaycan gənclərinin uğurlarıdır.
- Azərbaycan gəncliyinin lideri Leyla xanım Əliyevanın fəaliyyətini ümumilikdə gənclərimizə göstərilən nümunə kimi dəyərləndirmək olarmı?
- Leyla xanım Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri kimi orada yaşayan gənclərin bir sıra mühüm layihələrdə iştirakı, həmçinin ictimai əhəmiyyətli təşəbbüslərin reallaşdırılması yönündə bir sıra müsbət işlərə imza atmışdır. Belə bir mühüm layihələrdən biri də Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, dünyaya səs salmış "Xocalıya ədalət" beynəlxalq kampaniyasıdır. Onun bu sahədə gördüyü işlərin misli yoxdur. Bizim rayon gəncləri ilə Rusiyadakı azərbaycanlı gənclər mütəmadi olaraq görüşlər keçirdir, intelektual tədbirlər təşkil edirlər. Ötən ay Həştərxan vilayətindən gələn 20 yaxın gənci biz qəbul edərək, fikir mübadiləsi apardıq. Eyni zamanda, Leyla xanımın rəhbərliyi ilə bizim gənclərin də oraya ezamı gözlənilir. Sevindirici haldır ki, bizim ölkəmizdəki gənclərlə xaricdəki gənclər dostlaşmış qrup şəklində fəaliyyət göstərir.
- Bəzi gənclər var ki, müxalifətin təsiri altındadır. Bu kimi gənclərin düzgün yola yönləndirilməsi üçün intelektual gənclərimiz yetərincə iş apara bilirlərmi?
- Bizim ölkəyə çevrilişlərə, ixtişaşlara meyil edən gənclər deyil, sağlam ruhlu gənclər lazımdır. Biz bütün gəncləri düzgün yolda, amalda görmək istəyirik. Bunun üçün də bütün imkanlarımızdan istifadə edərək gənclərin asudə vaxtının səmərəli təşkili üçün bir sıra tədbirlər təşkil edirik. Buna misal olaraq Nərimanov Gənclər İdarəsinin həyata keçirtdiyi bir layihəni göstərərdim. Bu layihədə şahmatla-futbolu birləşdirərək gəncləri fərqli bir idmana cəlb edirik. Gələcəkdə gənclər evi tikildikdən sonra da mən inanıram ki, bütün gənclərin yığışmağa, düzgün fikir mübadiləsi aparmağa yeri olacaq.
İntizarə Məmmədova,
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB